Yay mövsümünün yaxınlaşması ilə xaricə səyahət edənlərin sayı artır. Bir çox insan isə valyutanı son anda, hava limanında və ya yola düşməyə az qalmış dəyişir. Mütəxəssislər bildirirlər ki, bu, əlavə xərcə səbəb ola bilər.
Azərbaycanda da hava limanlarında valyuta məzənnələri daha yüksək olur. Xüsusilə dollar və avro alarkən məzənnə fərqi ümumi məbləğdə ciddi itki yarada bilər.
Məsələn, şəhərdə bank və ya rəsmi mübadilə məntəqəsində 100 avro daha sərfəli kursla dəyişdirildiyi halda, hava limanında eyni əməliyyat üçün əlavə ödəniş etmək lazım gəlir. Böyük məbləğlərdə isə fərq daha çox hiss olunur.
Ekspertlər bütün vəsaiti nağd şəkildə aparmağı da riskli sayırlar. Buna görə məbləğin bir hissəsini kartda saxlamaq tövsiyə olunur. Lakin səfər ediləcək ölkədə Azərbaycan bank kartlarının işləmə imkanları, komissiyalar və nağdlaşdırma limitləri əvvəlcədən yoxlanılmalıdır.
Həmçinin gedilən ölkənin gömrük qaydaları da nəzərə alınmalıdır. Bir sıra dövlətlərdə müəyyən limitdən artıq nağd vəsait aparılarkən bəyannamə tələb olunur.
Mütəxəssislərin fikrincə, valyutanın əvvəlcədən və planlı şəkildə dəyişdirilməsi həm əlavə xərcin qarşısını alır, həm də səfər öncəsi maliyyə risklərini azaldır.
MONETAR.AZ