ABŞ hökuməti peyk müşahidəsi sahəsində fəaliyyət göstərən üç Çin şirkətinə qarşı yeni sanksiyalar tətbiq edib. Şirkətlər İranı Yaxın Şərqdə ABŞ qüvvələrinə qarşı həyata keçirilən hücumlara yardım edən kəşfiyyat məlumatları ilə təmin etməkdə ittiham olunurlar.
Bloomberg-in məlumatına görə, bu addım Vaşinqtonun davam edən regional münaqişə fonunda Tehranın texnoloji dəstək zəncirlərini qırmağa yönəlmiş genişmiqyaslı strategiyasının bir hissəsidir.
Sanksiyalara məruz qalan şirkətlər sırasında Meentropy Technology (Hangzhou) Co. (MizarVision adı ilə də tanınır), The Earth Eye və Chang Guang Satellite Technology Co. yer alır.
ABŞ dövlət katibi Marco Rubio cümə günü bildirib ki, bu üç şirkət “Epic Fury” əməliyyatı zamanı ABŞ hərbi qüvvələrinin fəaliyyətini izləyərək peyk çəkilişi və məlumat toplama xidmətləri göstəriblər.
Daha əvvəl də ABŞ sanksiyalarına məruz qalmış Chang Guang şirkəti Tehranın birbaşa sifarişi əsasında ABŞ və müttəfiq qüvvələr barədə məlumat toplamaqda ittiham olunub. Eyni sanksiya paketi çərçivəsində Belarus və BƏƏ-dən olan bir sıra təşkilatlara qarşı da məhdudiyyətlər tətbiq edilib.
Diqqətçəkən məqamlardan biri də odur ki, bu sanksiyalar ABŞ Prezidenti Donald Trump ilə Çin lideri Xi Jinping arasında Pekində keçiriləcək mühüm sammitdən cəmi bir həftə əvvəl elan olunub.
Vaşinqton bundan əvvəl də İranla əlaqələrinə görə iri Çin özəl neft emalı müəssisəsinə qarşı sanksiyalar tətbiq etmişdi. Lakin Pekin ənənəvi olaraq yerli şirkətləri bu cür birtərəfli məhdudiyyətlərə əməl etməməyə çağırır.
Son sanksiyalar paketi çərçivəsində ABŞ Dövlət Departamenti İran Müdafiə Nazirliyinin İxrac Mərkəzini də qara siyahıya daxil edib. Qurumun silah tədarükü fəaliyyətində iştirak etdiyi bildirilib.
Yer səthinin məsafədən müşahidəsi sektoru artıq çoxmilyardlıq sənayeyə çevrilib. Çin hazırda ABŞ-dan sonra ən böyük kommersiya peyk müşahidə proqramına malik ölkə hesab olunur.
Yüksək keyfiyyətli görüntülərin hərbi planlaşdırmada istifadə riskini azaltmaq məqsədilə Tramp administrasiyası yaxın zamanda kommersiya peyk operatorlarına müəyyən münaqişə zonalarının çəkilişini könüllü şəkildə məhdudlaşdırmaq çağırışı edib.
Planet Labs PBC kimi şirkətlər bu tələblərə əməl etsələr də, Çin şirkətlərinin fəaliyyətini davam etdirməsi dünyanın iki ən böyük iqtisadiyyatı arasında ciddi gərginlik mənbəyi olaraq qalır.