Yoluxmuş mal-qaranın Azərbaycana gətirilməsinin qarşısı alınıb

Yoluxmuş mal-qaranın Azərbaycana gətirilməsinin

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ölkəni xüsusi təhlükəli yoluxucu xəstəliklərdən qorumaq məqsədilə sərhəd-keçid məntəqələrində nəzarət tədbirlərini davam etdirir.

2026-cı il mayın 5-də “Qırmızı Körpü” qida təhlükəsizliyi nəzarət məntəqəsində kəsim üçün nəzərdə tutulan 89 baş iri buynuzlu mal-qara üzərində kliniki və laborator yoxlama aparılıb.

Bildirilir ki, heyvanlar “Aqrovest MT” şirkəti tərəfindən Gürcüstanın “Universal Export” şirkətindən idxal edilməli idi.

Nəzarət tədbirləri zamanı 4 heyvanda zoonoz xəstəliklərə şübhə yaradan əlamətlər aşkarlanıb. Heyvanlarda yüksək hərarət, ümumi vəziyyətin pisləşməsi və hərəkət koordinasiyasında ciddi pozuntular müşahidə olunub.

Müəyyən edilən risklər nəzərə alınaraq, heyvan partiyasının ölkəyə idxalına icazə verilməyib və onlar geri qaytarılıb.

Hadisə ilə bağlı gələcəkdə oxşar halların qarşısının alınması məqsədilə Gürcüstanın aidiyyəti qurumlarına rəsmi müraciət göndərilib.