Amerika Birləşmiş Ştatları Ticarət Departamenti və Cənubi Koreyanın Ticarət, Sənaye və Energetika Nazirliyi dünən Koreya–ABŞ Gəmiqayırma Tərəfdaşlığı Təşəbbüsünün yaradılmasını nəzərdə tutan qarşılıqlı anlaşma memorandumu imzalayıblar.
Yeni platforma kommersiya gəmiqayırması, kadr hazırlığı, sənayenin modernləşdirilməsi və dəniz istehsalı sahəsinə investisiyaların cəlb olunması istiqamətində ikitərəfli əməkdaşlığın gücləndirilməsi məqsədilə yaradılıb.
Təşəbbüs çərçivəsində bu il Vaşinqtonda açılması gözlənilən Koreya–ABŞ Gəmiqayırma Tərəfdaşlığı Mərkəzinin fəaliyyətə başlaması planlaşdırılır. Mərkəz hər iki ölkənin hökumət qurumları, sənaye nümayəndələri və tədqiqat institutları arasında əməkdaşlığın genişlənməsinə dəstək verəcək.
Əsas fəaliyyət istiqamətlərinə ABŞ-ın gəmiqayırma sənayesinə birbaşa xarici investisiyaların təşviqi, mütəxəssis hazırlığı proqramları, tərsanələrin məhsuldarlığının artırılması layihələri və texniki bilik mübadiləsi daxildir. Əlavə fəaliyyət sahələri ABŞ Ticarət Nazirliyi və Cənubi Koreyanın Ticarət, Sənaye və Energetika Nazirliyi tərəfindən müəyyən ediləcək.
ABŞ Ticarət Nazirliyi mərkəzin Amerika gəmiqayırma şirkətləri, təchizatçılar, universitetlər və elmi-tədqiqat institutları ilə əlaqələrinin koordinasiyasını həyata keçirəcək, həmçinin ABŞ hökuməti adından vahid əlaqələndirici qurum kimi çıxış edəcək.
Cənubi Koreyanın Ticarət, Sənaye və Energetika Nazirliyi isə ölkə daxilində hökumət strukturları və gəmiqayırma sənayesinin digər iştirakçıları arasında əməkdaşlığın koordinasiyasını təmin edəcək, həmçinin mərkəzin fəaliyyəti üçün zəruri kadr və maliyyə dəstəyi ayıracaq.
MONETAR.AZ