Yapon avtomobil istehsalçısı Honda Motor Kanadada iri elektromobil zavodunun tikintisi ilə bağlı planlarını qeyri-müəyyən müddətə dayandırmağı planlaşdırır. Bu qərar ABŞ bazarında zəif tələbat fonunda şirkətin strategiyasını dəyişməsi ilə əlaqələndirilir.
Məlumata görə, Honda Motor Ontario əyalətində elektromobillər və batareyaların istehsalı üçün nəzərdə tutulan layihəni donduracaq. Layihə ilk dəfə 2024-cü ildə elan olunmuş və təxminən 15 milyard Kanada dolları (11 milyard ABŞ dolları) investisiya nəzərdə tutulmuşdu. Zavodun illik 240 min avtomobil istehsal gücünə malik olması planlaşdırılırdı.
Şirkət bu addımı Şimali Amerikada bazar şəraitinin pisləşməsi və tənzimləmə sahəsində qeyri-müəyyənliklə əlaqələndirir. ABŞ-da elektromobil alıcıları üçün subsidiyaların ləğvi və yanacaq səmərəliliyi tələblərinin yumşaldılması bu seqmentdə tələbatı azaldıb. Bundan əlavə, ticarət gərginlikləri də riskləri artırır.
ABŞ-da elektromobil satışlarının ötən ilin sonlarında kəskin azalması, əvəzində hibrid avtomobillərə marağın artması Honda Motor-ı strategiyasını yenidən nəzərdən keçirməyə vadar edib.
Şirkətin həmçinin General Motors ilə birgə hazırladığı Prologue elektromobil modelinin istehsalını dayandırmağı planlaşdırdığı bildirilir.
Nəticədə, Honda Motor investisiyalarını hibrid modellərə və daha çevik istehsal xətlərinə yönəldir, eyni zamanda elektromobilləşmə planlarında dəyişikliklər səbəbindən mümkün maliyyə itkilərinə hazırlaşır.
MONETAR.AZ