Hörmüz şokunun dünyanı tənəzzülə sürükləməməsinin 7 səbəbi

Hörmüz şokunun dünyanı tənəzzülə sürükləməməsinin

Dünya iqtisadiyyatı Hörmüz boğazının bağlanmasından sonra bir çoxlarının gözlədiyi qədər zəif reaksiya vermədi. BCA Research-in fikrincə, bunun səbəbi dayanıqlılıqdır, lakin eyni zamanda tənəzzül riskinin pəncərəsi sürətlə daralır.

BCA Research-in baş strateqi Piter Berezin iqtisadiyyatı indiyədək yumşaldan yeddi əsas amili açıqlayıb və xəbərdarlıq edib ki, “əgər Hörmüz boğazı iyuna qədər bağlı qalarsa, resessiya riski ciddi şəkildə artacaq”.

Birinci amil — zaman gecikməsi. Neft şokları adətən dərhal deyil, gecikmə ilə təsir göstərir: ÜDM artımına ən böyük zərbə ilkin şokdan təxminən dörd rüb sonra baş verir.

İkinci amil — neftdən asılılığın azalması. Dünya iqtisadiyyatı əvvəlki onilliklərlə müqayisədə hər vahid ÜDM üçün daha az neft istehlak edir, baxmayaraq ki, təchizat zəncirlərinin daha sıx bağlılığı bu üstünlüyü qismən azaldır.

Üçüncü amil — inflyasiya gözləntiləri. Uzunmüddətli inflyasiya gözləntiləri sabit qalıb, bu da mərkəzi bankların sərt faiz artımlarına getməsini məhdudlaşdırır.

Dördüncü amil — fiskal dəstək. ABŞ-da “One Big Beautiful Bill Act” qanunu və Maliyyə Nazirliyinin tarif gəlirləri iqtisadiyyata əlavə dəstək verir.

Beşinci amil — qabaqlayıcı alışlar. Şirkətlər pandemiya dövrünü xatırladan şəkildə ehtiyat üçün əvvəlcədən daha çox məhsul və xammal alırlar.

Altıncı amil — süni intellekt bumudur. İT avadanlığı və proqram təminatına investisiyalar rekord səviyyəyə çatıb və 2026-cı ilin birinci rübündə ÜDM-in 4,9%-ni təşkil edib.

Yeddinci amil — neft bazarının vəziyyəti. Neft bazarı “backwardation” vəziyyətindədir ki, bu da investorların şoku müvəqqəti hesab etdiyini göstərir.

BCA Research hazırda qlobal səhmlərə neytral yanaşır, lakin bildirir ki, neft şoku uzanarsa, daha müdafiəedici strategiyaya keçəcək.

MONETAR.AZ