Donald Tramp: “Avropa məhsullarına 15 faiz tarif tətbiq ediləcək”

ABŞ Prezidenti Donald Tramp Avropa Birliyi (AB) ilə ticarət danışıqlarının başa çatdığını və əldə olunmuş razılaşmaya əsasən, Avropa məhsullarına 15 faiz gömrük tarifi tətbiq olunacağını açıqlayıb.
AB Komissiyasının sədri Ursula fon der Lyayen ilə keçirdiyi görüşdən sonra jurnalistlərə açıqlama verən Tramp bildirib ki, tərəflər çərçivə ticarət razılaşmasına imza atıblar.
“AB ABŞ-dən 750 milyard dollar dəyərində enerji məhsulu almağa razılaşıb. Bundan əlavə, Avropa Birliyi ölkələri ABŞ iqtisadiyyatına 600 milyard dollardan çox sərmayə qoyacaq,” – deyə Tramp qeyd edib.
Prezidentin sözlərinə görə AB ölkələri ABŞ məhsullarına gömrük vergisi tətbiq etməyəcək və bazarlarını tam şəkildə Amerika məhsulları üçün açacaq.
Tramp əlavə edib ki, əldə edilən razılaşmaya əsasən, Avropa ölkələri ABŞ-dən böyük həcmdə hərbi texnika alacaq. Bu satışların ümumi dəyəri “yüz milyardlarla dollar” səviyyəsində qiymətləndirilir.
Xatırladaq ki, Trampın prezidentliyə başlamasından sonra ABŞ Avropa ölkələrindən idxal edilən polad və alüminium məhsullarına 50%, avtomobil sektoruna 25% və digər məhsullara isə 10% gömrük tarifi tətbiq etmişdi.
Bundan əlavə, Tramp administrasiyası AB-yə göndərdiyi rəsmi məktubda 1 avqustdan etibarən Avropadan gələn bütün məhsullara əlavə 30 faiz tarif tətbiq ediləcəyini bildirmişdi.
AB Komissiyasının məlumatına əsasən, 2024-cü ildə Avropa Birliyi ABŞ-yə 532,3 milyard avro dəyərində məhsul ixrac etmiş, əvəzində isə 335 milyard avro dəyərində idxal həyata keçirmişdi. Nəticədə, AB 197,3 milyard avro ticarət profisiti əldə etmişdi. Tramp isə bu fərqin uzun müddət narahatlıq doğurduğunu dəfələrlə bəyan edib.
MONETAR.AZ