MİDA-nın yarımçıq hesabatı- suallar cavabsız qaldı

MİDA-nın  yarımçıq hesabatı-
29 İyul 2025 15:50

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) 2024-cü ilin maliyyə nəticələrini açıqlayıb. Amma bu dəfə "açıqlamaq" sözünü ciddi mənada qəbul etməmək daha münasib olar. Çünki 32 səhifəlik maliyyə hesabatının cəmi 6 səhifəsi ictimaiyyət üçün təqdim olunub. Qalan 26 səhifə – yəni əsas hissə – sanki “daxili istifadə üçün” saxlanılıb.

Hesabatın mövcud hissəsindən görmək olar ki, MİDA-nın aktivləri 2024-cü ildə 517 milyon manatı keçib. Bunun 403 milyon manatı qısamüddətli, 114 milyon manatı isə uzunmüddətli aktivlərdir. Maraqlıdır ki, əvvəlki illərdə istiqrazlara üstünlük verən agentlik bu dəfə bu investisiyaları yarıbayarı azaldaraq 106 milyon manatı depozit şəklində banklara yerləşdirib.

Əla, pulun ünvanı bəllidir, bəs banklar kimdir? Seçim necə aparılıb? Ən azı dövlət maliyyəsi ilə işləyən bir qurumun bu suallara cavab verməsi vacibdir. Amma MİDA bu hissədə də səssizliyə üstünlük verir – nə bankların adı var, nə də seçim meyarları.

Daha bir “qeyri-şəffaflıq siqnalı” isə nağd vəsaitlərin kəskin azalması ilə bağlıdır. 2023-cü ilin sonunda 228 milyon manat nağd pulu olan MİDA bu məbləği 110 milyon manat azaldaraq detallar açıqlanmayan “Sair aktivlər” bəndinə keçirib. Bu “sair aktivlər” nəyə xidmət edir? Büdcə vəsaiti niyə belə qeyri-müəyyən hesabat bölmələrində “gizlənir”?

Hesabata əsasən, MİDA 2024-cü ili 3,9 milyon manat əməliyyat zərəri ilə başa vurub. Ancaq 12,5 milyon manatlıq maliyyə gəliri bu zərəri örtməyə kifayət edib və nəticədə qurum 2,7 milyon manat xalis mənfəətlə ili bağlayıb. Lakin bu nəticə də ürəkaçan deyil – 2023-cü illə müqayisədə mənfəət 3 dəfə azalıb.

Maraqlı məqamlardan biri də budur: MİDA öz operatoru olan “MİDA” MMC-yə 2024-cü ildə 120 milyon manat ödəniş edib, halbuki 2023-cü ildə bu rəqəm 185 milyon manat idi. Sual yaranır: Tikinti layihələrinin həcmi azalıbmı? Yoxsa prioritetlər dəyişib?

Əslində çox şey məlum olmadı. Çünki hesabatın 80%-i gizlədilib. MİDA bir dövlət qurumudur və onun maliyyə fəaliyyəti şəffaf, hər kəs üçün anlaşılan və tam təqdim olunmalıdır. 6 səhifəlik filtrli hesabatla dövlət pullarının səmərəli idarə olunduğunu sübut etmək mümkün deyil.

MONETAR.AZ


Oxşar xəbərlər