Paytaxtın tikinti sektoru: Yanvar statistikası və görünməyən məqamlar

Paytaxtın tikinti sektoru: Yanvar statistikası və

2026-cı ilin ilk ayına dair statistik göstəricilər paytaxtın tikinti sektorunda mühüm struktur xüsusiyyətlərini və özəl sektorun üstün mövqeyini ortaya qoyur. Bakı Şəhər Statistika İdarəsinin açıqladığı məlumatlar tikinti işlərinin əsas istiqamətlərini göstərsə də, bəzi iqtisadi indikatorların təqdim olunmaması sektorun tam maliyyə mənzərəsini formalaşdırmağa müəyyən dərəcədə mane olur.

Yanvar ayında paytaxtda yerinə yetirilən tikinti işlərinin strukturunda əsas pay yeni inşaat və bərpa layihələrinin üzərinə düşür. Statistik göstəricilərə görə, ümumi tikinti işlərinin 75,7 faizi inşa, yenidənqurma və bərpa işlərinin payına düşür. Bu fakt paytaxtda şəhərsalma layihələrinin və infrastruktur quruculuğunun aktiv şəkildə davam etdiyini göstərir.

Digər istiqamətlər üzrə bölgü isə belədir:

  • Əsaslı təmir işləri – 10,9 faiz,

  • Cari təmir işləri – 7,9 faiz,

  • Sair tikinti işləri – 5,5 faiz.

Bu struktur göstərir ki, sektorun əsas dinamizmi yeni tikinti və yenidənqurma layihələri ilə bağlıdır. Eyni zamanda, cari təmir işlərinin nisbətən aşağı payı mövcud infrastrukturun saxlanılması ilə bağlı məsələləri də aktuallaşdırır.

Statistik məlumatların diqqət çəkən digər məqamı tikinti sektorunda qeyri-dövlət müəssisələrinin payının yüksək olmasıdır. Hesabat dövründə yerinə yetirilmiş tikinti işlərinin 93,5 faizi qeyri-dövlət tikinti müəssisələri tərəfindən həyata keçirilib.

Bu göstərici paytaxtın tikinti sektorunda özəl şirkətlərin əsas icraçı rolunda çıxış etdiyini göstərir. Ekspertlərin fikrincə, bu hal tikinti bazarında bazar mexanizmlərinin geniş tətbiqini və özəl təşəbbüskarlığın yüksək olduğunu nümayiş etdirir. Bununla yanaşı, həmin şirkətlərin fəaliyyətində dövlət sifarişlərinin və iri infrastruktur layihələrinin payı da sektorun ümumi dinamikasına təsir edən əsas amillərdən hesab olunur.

Açıqlanan rəqəmlər tikinti işlərinin strukturunu göstərsə də, bir sıra mühüm iqtisadi göstəricilər barədə məlumat verilməyib. Bu isə sektorun daha geniş iqtisadi təhlilini çətinləşdirir. Belə ki, təqdim olunan statistikada tikinti işlərinin ümumi dəyəri manat ifadəsində, həmçinin ötən ilin müvafiq dövrü ilə müqayisəli dinamika açıqlanmır. Bundan əlavə, tikinti işlərinin nə qədərinin yaşayış binalarına, nə qədərinin isə qeyri-yaşayış və infrastruktur layihələrinə aid olduğu göstərilmir.

MONETAR.AZ