Avropa İttifaqı Rusiyaya görə Çin banklarına sanksiya qoyacaq

MONETAR.AZ
Avropa İttifaqı (Aİ) Çinin iki bankına qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır. Bu banklar Aİ-nin 18-ci sanksiya paketi çərçivəsinə daxil edilə bilər. Bloomberg agentliyinin məlumatına görə, Brüssel bu bankların Rusiyaya tətbiq olunan mövcud sanksiyaları pozmaqda iştirak etdiyini düşünür.
Məlumata əsasən, sözügedən iki bank Çin Xalq Respublikasının Rusiya ilə sərhədinə yaxın ərazidə yerləşir. Bankların adları hələlik açıqlanmayıb, lakin Avropa maliyyə institutlarına bu banklarla hər hansı maliyyə əməliyyatlarını həyata keçirmək qadağan olunacaq.
Aİ sənədlərində qeyd olunur ki, bu Çin bankları Rusiya üçün ixrac maliyyələşməsi təmin edib və kriptoaktivlər sahəsində xidmətlər göstərib. Hətta bəzi əməliyyatların kriptovalyutadan istifadə etməklə həyata keçirildiyi ehtimal olunur. Bu da sanksiyalara məruz qalan məhsulların idxalını asanlaşdırmaq məqsədi daşıyıb.
Bu məsələ ilə bağlı Rusiya tərəfi də münasibət bildirib. Rusiya Xarici İşlər Nazirinin müavini Aleksandr Qruşko bəyan edib ki, Aİ-nin 18-ci sanksiya paketinə qarşı Moskva həm müdafiə xarakterli, həm də cavab tədbirləri görəcək.