Azərbaycan Mərkəzi Bankının son hesabatı ölkədə rəqəmsal ödənişlərin sürətlə artdığını göstərir. Virtual kartların sayının 24,6 % artaraq 2,3 milyona çatması nağdsız ödənişlərin isə 99,1 milyard manata yüksəlməsi ilk baxışda böyük uğurdur. Lakin bu statistik "zəfərin" pərdəarxasında bəzi suallar doğuran məqamlar var.
Debet və kredit balanssızlığı
Hesabatda ən diqqətçəkən məqam kartların 90,6 %-nin debet, cəmi 9,4 %-nin kredit kartı olmasıdır. Bu, ölkədə bankların hələ də geniş kütlələrə kredit alətlərini təqdim etməkdə ehtiyatlı davrandığını və ya şərtlərin ağır olduğunu göstərir. İnkişaf etmiş bazarlarda kredit kartları dövriyyənin əsas hərəkətverici qüvvəsidir. Bizdə isə kart daha çox "maaş və təqaüd çıxarmaq vasitəsi" funksiyasını qoruyub saxlayır.
"Ölü kartlar"
Ölkədə ödəniş kartlarının sayı 22 milyona çatıb. Bu, adambaşına (uşaqlar və yaşlılar daxil olmaqla) orta hesabla 2,2 kart deməkdir. Bu rəqəm bazarda süni doymadan xəbər verə bilər. Bir çox istifadəçi kampaniyalar və ya pulsuz xidmət üçün bir neçə kart açdırır, lakin onların əksəriyyəti aktiv istifadə olunmur. Kart sayı artsa da, hər kartın effektivlik əmsalı eyni sürətlə artmır.
Virtual kartlar: sürətli artım, kiçik pay
Virtual kartların sayı 25 %-ə yaxın artsa da, ümumi portfeldə payı cəmi 10,7 % təşkil edir. Dünya artıq fiziki plastik kartlardan tam imtina etməyə hazırlaşdığı bir dövrdə, bizdə hələ də hər 10 kartdan 9-u fiziki plastikdir. Bu, həm banklar üçün əlavə logistika və çap xərcləri, həm də ekoloji baxımdan plastik tullantı deməkdir. Rəqəmsal savadlılığın hələ də paytaxtdan kənarda zəif olması virtual kartların payının aşağı qalmasına səbəb olur.
Nağdsızın "kölgəsindəki" nağd
Nağdsız ödənişlər 25,6 % artaraq 99,1 milyard manat olub. Lakin ümumi əməliyyatların məbləği 146,7 milyard manatdır. Bu o deməkdir ki, hələ də təxminən 47,6 milyard manat (ümumi dövriyyənin 32 %-dən çoxu) bankomatlardan nağd şəklində çıxarılıb. Bu, kifayət qədər böyük rəqəmdir. Xüsusilə bölgələrdə və kiçik ticarət obyektlərində "post-terminal yoxdur" və ya "terminal işləmir" bəhanələri hələ də dövriyyənin bir hissəsini rəqəmsal nəzarətdən kənarda saxlayır.
Rəqəmlər kəmiyyət baxımından sevindiricidir, virtual kartların istifadəsini stimullaşdırmaq və nağd çıxarışların payını daha da azaltmaq lazımdır. Azərbaycanın bank sektoru hazırda "miqdar" mərhələsini uğurla keçir, indi isə növbə bu kartların nə dərəcədə "ağıllı" və effektiv istifadə olunmasındadır.
MONETAR.AZ