50 minə yaxın müəllim ixtisara düşə bilər

50 minə yaxın müəllim

Azərbaycanda əhalinin artım tempinin azalması məktəb təhsilinə də ciddi təsir göstərir. Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov Nazirlər Kabinetinin hesabatının müzakirəsi zamanı bildirib ki, 2015-ci ildə ölkədə 160 mindən çox uşaq dünyaya gəlirdisə, 2025-ci ildə bu rəqəm 100 minin altına düşüb.

Əli Əhmədov qeyd edib ki, 2015-ci ildə məktəblərdə 1,5-1,6 milyon şagird təhsil alırdısa, yaxın illərdə bu göstərici təxminən 1 milyona enəcək. Bu isə təhsil sahəsində ciddi struktur dəyişikliklərinə səbəb ola bilər.

Vitse-spiker vurğulayıb ki, şagird sayının azalması nəticəsində təxminən 50 minə yaxın müəllimin ixtisar riski yaranır.

“Bir neçə onillikdən sonra isə işləyən əhali ilə pensiyada olan əhali arasında fərq kəskin artacaq ki, bu da iqtisadiyyatımıza və sosial siyasətimizə böyük təsir göstərəcək,” – deyə Əli Əhmədov əlavə edib.

O həmçinin bildirib ki, 2026-cı ildən etibarən hökumətin demoqrafik məsələlərə diqqəti daha da artırılacaq və bu sahədə tədbirlər gücləndiriləcək.

MONETAR.AZ