Azərbaycan xırdabuynuzlu heyvanların vəbasından azad ölkə kimi tanınıb

Azərbaycan xırdabuynuzlu heyvanların vəbasından azad

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (WOAH) Azərbaycanın xırdabuynuzlu heyvanların vəbasından (PPR) azad ölkə statusunu rəsmi şəkildə yenidən təsdiqləyib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə bu xəstəliyə qarşı nəzarət biotəhlükəsizlik tədbirlərini davamlı olaraq həyata keçirir. Epidemioloji nəzarət tədbirləri, monitorinqlər, laboratoriya tədqiqatları ölkədə xəstəliyin qeydə alınmadığını təsdiqləyən məlumatlar əsasında hazırlanmış hesabat WOAH-a təqdim edilib.

Hesabat 2026-ilin fevralında WOAH-ın Heyvan Xəstəlikləri üzrə Elmi Komissiyasının iclasında ətraflı şəkildə nəzərdən keçirilib müsbət rəy verilib.

Beləliklə, 2025-ci il üzrə Azərbaycanın xırdabuynuzlu heyvanların vəbasından azad ölkə statusu illik olaraq təsdiqlənib.

Qeyd edək ki, bu statusun saxlanılması ilə bağlı yekun qərar 2026-ilin may ayında keçiriləcək WOAH Baş Assambleyası zamanı qəbul ediləcək müvafiq qətnamə ilə rəsmiləşdiriləcək.