Bakıda metropoliten infrastrukturunun genişləndirilməsi istiqamətində yeni layihələrin icrası davam edir.
Bu barədə Azərbaycan Respublikasının Milli Məclisinin iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatda məlumat verilib.
Sənəddə qeyd olunub ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üzrə 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində paytaxt metropolitenində bir sıra mühüm işlər həyata keçirilib.
Hesabata əsasən, ötən il Bakı Metropoliteni üçün 30 yeni vaqon gətirilib. Onlardan 20-si artıq istismara verilib.
Eyni zamanda, gələcək inkişaf planları çərçivəsində 24 yeni metro stansiyasının, 3 elektrik deposunun və 16 havalandırma şaxtasının tikintisi üçün zəruri torpaq sahələri ayrılıb.
Bundan başqa, metropolitenin enerji sisteminin etibarlılığını artırmaq məqsədilə Russian University of Transport ilə bağlanmış müqavilə əsasında Qırmızı və Yaşıl xətlərin dartı elektrik şəbəkəsində diaqnostik işlər aparılıb.
Layihələr çərçivəsində həmçinin 28 May metro stansiyasında Yaşıl və Qırmızı xətlərin ayrılması üçün iki müvəqqəti şaxtanın tikintisi planlaşdırılıb və bunun üçün torpaq sahələri ayrılıb.
Bununla yanaşı, İçərişəhər metro stansiyasında keçid kamerasının tikintisi ilə bağlı aparılan geoloji kəşfiyyat işlərinin nəticələrinə ekspertiza rəyi alınıb və yeraltı kommunikasiya xətlərinin köçürülməsi işlərinə başlanılıb.
Hesabatda qeyd olunur ki, görülən tədbirlər paytaxtda nəqliyyat infrastrukturunun modernləşdirilməsi və sərnişin daşımalarının səmərəliliyinin artırılmasına xidmət edir.