Azərbaycanda heyvanların erkən kəsilməsinin tənzimlənməsi nəzərdə tutulur

Azərbaycanda heyvanların erkən kəsilməsinin

Azərbaycanda iri və xırdabuynuzlu heyvanların erkən yaşda və aşağı çəkidə kəsilməsinin qarşısının alınması istiqamətində qanunvericilik tədbirlərinin görülməsi planlaşdırılır.

Bu məsələ Azərbaycan Respublikasının Milli Məclisinin iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.

Sənəddə qeyd olunub ki, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2026–2032-ci illər üçün Dövlət Proqramı”nın layihəsində iri və xırdabuynuzlu heyvanların erkən yaşda kəsilməsinin qarşısının alınması istiqamətində bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Layihə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən hazırlanıb və hazırda yekun razılaşdırılma mərhələsindədir.

Dövlət Proqramı çərçivəsində maarifləndirmə tədbirlərinin təşkili, o cümlədən buklet və broşürlərin hazırlanaraq paylanması planlaşdırılır. Bununla yanaşı, heyvanların yaşa və cinsə görə kəsiminin tənzimlənməsi sahəsində beynəlxalq təcrübənin araşdırılması və müvafiq təkliflərin hazırlanması da nəzərdə tutulur.

Eyni zamanda iri və xırdabuynuzlu heyvanların erkən yaşda və aşağı çəkidə kəsilməsinə səbəb olan amillərin araşdırılması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi və müvafiq normativ-hüquqi aktlara dəyişikliklərin hazırlanması planlaşdırılır.

Qeyd olunub ki, bu tədbirlərin həyata keçirilməsi ölkədə qida təhlükəsizliyinin gücləndirilməsinə və heyvandarlıq sektorunun davamlı inkişafına xidmət edəcək.

MONETAR.AZ