Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya kollegiyası şəriklik münasibətlərindən irəli gələn mübahisələr üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması ilə bağlı qərar qəbul edib.
Məhkəmədən verilən məlumata görə, işin materiallarına əsasən tərəflər 2019–2023-cü illərdə birgə ticarət fəaliyyəti ilə məşğul olublar və əldə edilən gəlirin bölüşdürülməsi ilə bağlı razılığa gəliblər. Lakin 2023-cü ildə tərəflər arasında münasibətlər pozulub.
İddiaçı məhkəməyə müraciət edərək bildirib ki, ticarət fəaliyyəti üçün bütün maliyyə vəsaitini özü təmin edib, cavabdeh isə yalnız marketin gündəlik idarə olunması ilə məşğul olub. Onun sözlərinə görə, əldə edilən gəlirin bölüşdürülməsi barədə razılaşma olsa da, cavabdeh tərəfindən 50 min manat vəsait mənimsənilib. Buna görə də iddiaçı həmin məbləğin geri qaytarılmasını tələb edib.
Cavabdeh isə iddianı qəbul etməyərək bildirib ki, ticarət fəaliyyəti üçün vəsait hər iki tərəf tərəfindən bərabər qoyulub və mallar onun adına alınıb. O qeyd edib ki, sonradan malların alındığı şirkətlərə borclar yarandığı üçün fəaliyyət dayandırılıb. Cavabdehin sözlərinə görə, tərəflərin iştirakı ilə mağazadakı mallar iki dəfə sayılıb və nəticələr razılaşdırılıb. Lakin iddiaçı onun iştirakı olmadan üçüncü dəfə inventarizasiya apararaq mal qalığının dəyərini əsassız şəkildə ondan tələb edir.
Birinci instansiya məhkəməsi iddianı təmin edərək cavabdehdən 50 min manatın tutulması barədə qərar qəbul edib. Apellyasiya instansiyası da bu qərarı qüvvədə saxlayıb.
Bundan sonra cavabdeh kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmə isə qərarında bildirib ki, tərəflər arasında şifahi razılaşma mövcud olsa da, kommersiya subyektləri arasında münasibətlərdə hüquqi müəyyənlik və risklərin idarə olunması baxımından yazılı müqavilənin bağlanması daha məqsədəuyğundur.
Məhkəmə həmçinin vurğulayıb ki, kommersiya münasibətləri daha mürəkkəb və riskli fəaliyyət sahəsi olduğundan belə mübahisələrdə sübutetmə standartları daha yüksək olur. Şəriklik münasibətlərinə əsaslanaraq pul tələbi irəli sürən tərəf birgə fəaliyyətin bütün şərtlərini və maliyyə öhdəliklərini sübut etməlidir.
Ali Məhkəmənin qərarına əsasən kassasiya şikayəti təmin olunub, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilib və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılıb.
MONETAR.AZ