Azərbaycanda bu şirkət mənfəətindən çox divident ödəyib

Azərbaycanda bu şirkət mənfəətindən çox

“Məişət Malları” ASC-nin 2025-ci il üzrə açıqlanan maliyyə hesabatı açıqlanıb. Hesabata görə, şirkətin əsas əməliyyat gəliri 2025-ci ildə 1 milyon 28 min 968 manat təşkil edib. Halbuki əvvəlki ildə bu göstərici 2 milyon 177 min 604 manat olub. Beləliklə, cəmi bir il ərzində gəlirlər təxminən 1,15 milyon manat və ya 50 faizdən çox azalıb.

Gəlirlərin azalması nəticəsində xalis mənfəət də aşağı düşüb. Şirkət 2025-ci ili 145 min 178 manat xalis mənfəətlə başa vurub. Bu isə əvvəlki ilin 207 min 420 manatlıq nəticəsindən xeyli aşağıdır.

Maliyyə hesabatında ən diqqət çəkən məqamlardan biri debitor borclarının həcmi ilə bağlıdır. Şirkətin qısamüddətli debitor borcları 3 milyon 332 min 63 manat təşkil edir. Bu məbləğ ümumi aktivlərin təxminən üçdə ikisinə bərabərdir.

Bu vəziyyət göstərir ki, şirkətin satışlarının böyük hissəsi kredit və ya gecikmiş ödənişlər hesabına həyata keçirilir. Bu isə pul vəsaitlərinin dövriyyəsi baxımından risk yarada bilər.

Şirkətin balansında pul vəsaitləri və onların ekvivalentləri cəmi 8 min 269 manat göstərilib. 5 milyondan artıq aktivə malik bir müəssisə üçün bu göstərici kifayət qədər aşağı hesab olunur.

Pul vəsaitlərinin məhdud olması qısamüddətli öhdəliklərin icrası və gündəlik əməliyyatların maliyyələşdirilməsi baxımından likvidlik riskləri yarada bilər.

2025-ci ilin sonunda şirkətin qısamüddətli öhdəlikləri 4 milyon 244 min 448 manat təşkil edib. Bu isə ümumi aktivlərin böyük hissəsinin borclar hesabına formalaşdığını göstərir.

Bununla yanaşı, şirkətin kapitalı 873 min 157 manat səviyyəsindədir ki, bu da əvvəlki dövrdə qeydə alınan 941 min 796 manatdan daha aşağıdır.

Hesabatda diqqət çəkən digər məqam dividend ödənişləri ilə bağlıdır. Şirkət səhmdarlara 207 min 686 manat dividend ödəyib. Halbuki hesabat dövründə əldə olunan xalis mənfəət 145 min manat səviyyəsində olub. Bu isə dividend ödənişlərinin mənfəətdən daha yüksək olduğunu və nəticədə kapitalın azalmasına səbəb olduğunu göstərir.

Bütün bunlara baxmayaraq, şirkətin maliyyə hesabatları müstəqil auditor tərəfindən yoxlanılıb və beynəlxalq maliyyə hesabatı standartlarına uyğun hazırlandığı barədə müsbət rəy verilib.

MONETAR.AZ