“Amazon” şirkəti tarixində ilk dəfə Britaniya funt sterlinqi ilə nominasiya olunmuş istiqrazlar buraxmağa başlayıb.
Əqdi idarə edən bankların məlumatına görə, bu addım iri texnologiya şirkətlərinin süni intellekt infrastrukturuna yönələn investisiyaları maliyyələşdirmək üçün müxtəlif valyutalarda borclanmanı genişləndirməsinin növbəti nümunəsidir.
LSEG-in məlumatlarına əsasən, texnologiya şirkətləri bu il ümumilikdə 200 milyard dollardan çox məbləğdə borc kağızı yerləşdiriblər. Bu göstərici 2025-ci ilin bütün dövründə qeydə alınan həcmdən iki dəfədən çoxdur.
Əqddə iştirak edən üç bankın memorandumuna əsasən, istiqrazların gəlirliliyi üzrə ilkin istiqamət üçillik kağızlar üçün Britaniya dövlət istiqrazlarının gəlirliliyindən təxminən 70 baza bəndi, altıillik istiqrazlar üçün 90 baza bəndi, 12 illik istiqrazlar üçün 105 baza bəndi, 19 illik kağızlar üçün isə 110 baza bəndi yuxarı müəyyən edilib.
İstiqrazların yekun qiymətləndirilməsinin həmin gün aparılması gözlənilirdi. Avro və İsveçrə frankı ilə də istiqraz bazarına çıxan “Amazon” üçün funt sterlinq növbəti borclanma valyutasına çevrilib.
Funt sterlinqlə istiqraz yerləşdirən ilk iri texnologiya şirkəti “Google”un ana şirkəti “Alphabet” olub. Şirkət fevral ayında beş tranşdan ibarət yerləşdirmə çərçivəsində 5,5 milyard funt sterlinq cəlb edib. Bu buraxılışa 100 illik istiqrazlar da daxil olub. “Alphabet” cari ildə Yaponiya yeni, Kanada və Avstraliya dolları ilə də borc kağızları yerləşdirib.
“Amazon” sonuncu dəfə iyul ayında istiqraz yerləşdirərək 25 milyard dollar cəlb edib. Həmin buraxılış əvvəlki yerləşdirmələrlə müqayisədə daha zəif tələblə qarşılaşıb. Bu isə investorların texnologiya şirkətlərinin borc kağızlarına marağının müəyyən həddə çatdığına dair siqnallardan biri kimi qiymətləndirilir.
Avropa Mərkəzi Bankı sentyabrın əvvəlində xəbərdarlıq edib ki, avrozonada texnologiya şirkətlərinin istiqraz buraxılışlarının sürətlə artması digər borcalanların bazara çıxış imkanlarını məhdudlaşdıra və onların maliyyələşmə xərclərini yüksəldə bilər.
MONETAR.AZ