Azərbaycanda sənaye məhsulu istehsalı 8 ayda 44,6 milyard manat olub

Azərbaycanda sənaye məhsulu istehsalı 8 ayda

2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda 44 milyard 620,3 milyon manatlıq sənaye məhsulu istehsal olunub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, sənaye istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 0,4% azalıb.

Hesabat dövründə qeyri-neft-qaz sənayesində 14 milyard 605,9 milyon manatlıq məhsul istehsal edilib. Bu, illik müqayisədə 5,4% artım deməkdir.

Yanvar-avqust aylarında kənd təsərrüfatında məhsul istehsalı 2,6% artaraq 10 milyard 57,4 milyon manata çatıb.

Nəqliyyat və anbar təsərrüfatı üzrə xidmətlərin həcmi 8,7% artaraq 10 milyard 931,9 milyon manat, informasiya və rabitə xidmətləri isə 10,7% artaraq 2 milyard 748,1 milyon manat təşkil edib.

Bu dövrdə pərakəndə ticarət dövriyyəsi də artıb. Belə ki, pərakəndə ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 3,9% artaraq 44 milyard 256,1 milyon manata yüksəlib.

Əsas kapitala yönəldilən investisiyaların həcmi isə 10% artaraq 12 milyard 677,8 milyon manat olub. Bu investisiyaların 8 milyard 431,1 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşüb ki, bu da illik müqayisədə 1,4% artım deməkdir.