Azərbaycanın qeyri-neft ixracı ilk səkkiz ayda 17,6 faiz artıb

Azərbaycanın qeyri-neft ixracı ilk səkkiz ayda

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 faiz artaraq 2,81 milyard dollara çatıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr buraxılışının ilkin göstəricilərinə əsasən, təkcə avqust ayında qeyri-neft sektoru üzrə ixrac illik müqayisədə 13 faiz artaraq 350,8 milyon dollar təşkil edib.

Hesabat dövründə yeyinti məhsullarının ixracı 80,7 milyon dollar olub. Qeyri-yeyinti məhsullarının ixracı isə 11,4 faiz artaraq 251,1 milyon dollara yüksəlib.

Yanvar-avqust aylarında bir sıra məhsullar üzrə ixracda əhəmiyyətli artım qeydə alınıb. Şəkər ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə artıb. Pambıq ipliyi ixracı 62,2 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 42,8 faiz, bitki və heyvan mənşəli piylər və yağların ixracı 30,2 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 20,5 faiz, pambıq lifinin ixracı 17,8 faiz, meyvə-tərəvəz ixracı 13,7 faiz, çay ixracı isə 12,1 faiz artıb.

Aqrar sektor da müsbət dinamika nümayiş etdirib. Hesabat dövründə aqrar məhsulların ixracı 19,2 faiz artaraq 732 milyon dollara, aqrar-sənaye məhsullarının ixracı isə 22,1 faiz artaraq 255,8 milyon dollara çatıb.

Nəticədə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 19,9 faiz artaraq 987,8 milyon dollar təşkil edib.