İngiltərə Bankının rəhbəri Endryu Beyli dünən axşam bildirib ki, faiz dərəcələrinin artırılmasının qaçılmaz olduğu barədə bazarda formalaşan təsəvvürü aradan qaldırmaq istəyir. O vurğulayıb ki, pul-kredit siyasətində atılacaq növbəti addımlar əvvəlcədən müəyyən edilmiş plana deyil, iqtisadi göstəricilərə və geosiyasi vəziyyətə əsaslanacaq.
Beyli parlamentin Maliyyə Komitəsində çıxışı zamanı qeyd edib ki, investorlar İngiltərə Bankının gələcək siyasətini qiymətləndirərkən faiz dərəcələrinin gözləniləndən daha çox artırılacağı ehtimalını qiymətlərə daxil ediblər. Onun sözlərinə görə, bazarda formalaşan bu əlavə "risk mükafatı" enerji daşıyıcılarının qiymətlərinin yenidən yüksələ biləcəyi ilə bağlı narahatlıqlardan qaynaqlanır.
Dinləmələrdə Beyli və Pul-Kredit Siyasəti Komitəsinin daha üç üzvü sentyabrın 17-də açıqlanacaq növbəti faiz qərarı ərəfəsində əvvəlki mövqelərini qoruyublar.
"Mən elə bir təsəvvürü dağıtmaq istəyirəm ki, guya bizim əvvəlcədən hazırlanmış gizli planımız var və hansı istiqamətdə hərəkət edəcəyimiz artıq qətidir", – deyə Beyli faiz dərəcələri ilə bağlı bazar gözləntilərini şərh edərkən bildirib.
Hazırda maliyyə bazarları İngiltərə Bankının bu ilin sonunadək faiz dərəcəsini 0,25 faiz bəndi artıracağını, 2027-ci il ərzində isə daha iki artım həyata keçirəcəyini qiymətləndirirlər.
İngiltərə Bankı fevralın sonlarında İranda müharibə başlayandan bəri uçot dərəcəsini dəyişməz saxlayır. Bu mövqe iyun ayında faiz dərəcəsini artıran və bu həftə yenidən artıra biləcəyi gözlənilən Avropa Mərkəzi Bankının siyasətindən fərqlənir.
Bununla belə, investorlar hazırda sentyabrın 17-də keçiriləcək iclasda İngiltərə Bankının faiz dərəcəsini artıracağı ehtimalını aşağı qiymətləndirirlər.
MONETAR.AZ