Aqrar Sığorta Fonduna müraciətlərin əksəriyyəti təbii fəlakətlərlə bağlıdır

Aqrar Sığorta Fonduna müraciətlərin əksəriyyəti

Aqrar Sığorta Fonduna fermerlər tərəfindən edilən müraciətlərin böyük hissəsi təbii fəlakətlərdən yaranan zərərlərlə bağlıdır. Bu müraciətlər əsasən fırtına, dolu, sel və subasma halları ilə əlaqədardır.

Bu barədə Aqrar Sığorta Fondunun İdarə Heyəti sədrinin müavini Ləman Alıyeva-Məmişova məlumat verib.

Onun sözlərinə görə, Fond fəaliyyətə başladığı vaxtdan bu günədək həyata keçirilən sığorta ödənişlərinin 86%-dən çoxu məhz fırtına, dolu, sel və subasma riskləri üzrə həyata keçirilib.

Ləman Alıyeva-Məmişova bildirib ki, cari ildə yağıntıların normadan çox olması səbəbindən fermerlərdən daxil olan müraciətlərin əksəriyyəti də bu risklərlə bağlı olub.

"Bu il yağıntılı il olduğundan fermerlərdən daxil olan müraciətlərin böyük hissəsi qeyd olunan risklərlə əlaqədardır. Təxminən 383 fermerdən 253-ü məhz dolu, sel və subasma nəticəsində dəymiş zərərlə bağlı müraciət edib", – deyə o qeyd edib.

Fond rəsmisi əlavə edib ki, işğaldan azad edilmiş ərazilər də aqrar sığorta baxımından riskli bölgələr sırasındadır və həmin ərazilərdə fəaliyyət göstərən fermerlərdən də xeyli sayda müraciət daxil olub.