Gümüşün qiyməti 2027-ci ildə 80 dolları ötə bilər

Gümüşün qiyməti 2027-ci ildə

Mərkəzi bankların sərt pul-kredit siyasətini davam etdirməsi fonunda gümüş qiymətləri yaxın perspektivdə kəskin tərəddüdlərlə üzləşə bilər. Bununla belə, süni intellekt infrastrukturu ilə bağlı tələbatın artması və bazarda struktur təklif çatışmazlığının davam etməsi nəticəsində qiymətlərin 2027-ci ilin sonunadək bir unsiya üçün 80 dollara çatması mümkündür. Bu barədə “UBS Global Wealth Management”in analitik hesabatında bildirilir.

Bankın Baş İnvestisiya İdarəsi tərəfindən hazırlanan hesabatda “UBS” strateqi Covanni Staunovo qeyd edib ki, satış təzyiqinin yenidən artmasına baxmayaraq, gümüşün orta müddətli perspektivi müsbət olaraq qalır. Onun sözlərinə görə, daha yüksək volatilliyə malik olan bu qiymətli metal qiymət dinamikasında əsasən qızılın ardınca hərəkət edir.

“UBS”in proqnozlarına əsasən, 2025-ci il oktyabrın 22-də bir unsiyası 55,90 dollar olan gümüşün spot qiyməti 2026-cı ilin dekabrına qədər 70 dollara, 2027-ci ilin ortalarına qədər 75 dollara, həmin ilin sentyabrına qədər isə 80 dollara yüksələ bilər.

Staunovo bildirib ki, gümüş əvvəlki kimi qızılın daha dəyişkən versiyası rolunu oynayır və eyni makroiqtisadi amillərin təsirinə məruz qalır. O, real faiz dərəcələrinin dəyişməsi, ABŞ dollarının möhkəmlənməsi və pul-kredit siyasətinin sərtləşdirilməsinin qiymətlərdə kəskin dalğalanmalara səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Gümüşün sənaye tələbatı müxtəlif tətbiq sahələrində fərqli dinamika nümayiş etdirir. Qiymətlərin yüksəlməsi, xüsusilə günəş enerjisi sektorunda, gümüşün digər materiallarla əvəzlənməsi və istifadəsinə qənaət edilməsi proseslərini sürətləndirib.

Bu səbəbdən Gümüş İnstitutu (“Silver Institute”) 2026-cı ildə gümüşdən məhsul istehsalına yönələn ümumi sənaye tələbatının təxminən 2% azalacağını proqnozlaşdırır.

Bununla belə, günəş enerjisi sektorundakı zəifləmənin məlumat mərkəzlərinin genişləndirilməsi, süni intellekt avadanlıqlarına tələbat, elektrik şəbəkələrinə investisiyalar və avtomobil elektronikası kimi sahələrdə artımla qismən kompensasiya olunacağı gözlənilir.

Beləliklə, “UBS”in qiymətləndirməsinə görə, yaxın müddətdə gümüş bazarında volatillik yüksək qala bilər. Orta və uzunmüddətli perspektivdə isə texnoloji infrastrukturun inkişafı və təklif çatışmazlığı qiymətlərə dəstək verən əsas amillər olaraq qalır.

MONETAR.AZ