Avropada təbii qazın topdansatış qiymətləri bu gün kəskin artıb. Həftənin yekununda qiymətlər 2022-ci ilin sonundan bəri ən yüksək səviyyələrdə qərarlaşa bilər. Bahalaşmaya Yaxın Şərqdə hərbi münaqişənin kəskinləşməsi və diplomatik heyətin təxliyəsi ilə bağlı xəbərlər təsir göstərib. Bu hadisələr qış mövsümü ərəfəsində qlobal mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünün dayanıqlılığı ilə bağlı narahatlıqları artırıb.
Niderlandın TTF qaz fyuçersləri bu gün 3,8% bahalaşaraq bir meqavat-saat üçün 93,40 avroya yüksəlib. Ən yaxın icra müddətli müqavilə üzrə həftəlik artım təxminən 7%-ə çatıb.
Böyük Britaniyada NBP etalon qaz fyuçerslərinin qiyməti də 3,5% artaraq bir term üçün 229 pensə yüksəlib. Bu göstərici üzrə həftəlik bahalaşma 6,2% təşkil edə bilər.
Enerji bazarlarında fəaliyyət göstərən treyderlər geosiyasi risklərin artmasını qiymətlərə daxil etdikcə, hər iki etalon göstərici 2022-ci ildə müşahidə olunan pik səviyyələrə yaxınlaşaraq yüksək mövqelərini qoruyub.
Qaz qiymətlərinin yüksəlməsi Avropada qış mövsümü ərəfəsində enerji təchizatı ilə bağlı riskləri yenidən gündəmə gətirir. Xüsusilə, qlobal MTQ tədarükündə mümkün fasilələr regionda qaz bazarına əlavə təzyiq yarada bilər.
MONETAR.AZ