Qızılın qiyməti 2 aydan sonra ilk dəfə 4050 dollara düşdü

Qızılın qiyməti 2 aydan sonra ilk dəfə

Dünya bazarında qızılın qiyməti oktyabrın 22-də bir troya unsiyası üçün təxminən 4 050 dollara enib. Bu, avqustun əvvəlindən bəri ən aşağı göstəricidir. Neftin bahalaşması və ABŞ-da inflyasiya ilə bağlı narahatlıqlar qiymətli metalın ucuzlaşmasına təsir göstərib.

Monetar.az xəbər verir ki,neft qiymətlərinin yüksəlməsi inflyasiya təzyiqlərinin artacağı ehtimalını gücləndirib. Bu vəziyyət ABŞ Federal Ehtiyat Sisteminin (FED) gələcək faiz qərarları ilə bağlı gözləntiləri də dəyişir.

Səudiyyə Ərəbistanında husilərin yeni hücumları “Brent” markalı neftin qiymətini may ayından bəri ən yüksək səviyyəyə çatdırıb. Regionda gərginliyin genişlənməsi və neft tədarükündə fasilə ehtimalı enerji qiymətlərinin artmasına səbəb olub.

ABŞ-da istehlakçı və istehsalçı inflyasiyası ilə bağlı son göstəricilərin gözləntiləri üstələməsi, eləcə də həftəlik işsizlik müavinəti üçün müraciətlərin azalması iqtisadi fəallığın davam etdiyinə işarə edir. Bu amillər FED-in pul siyasətini sərtləşdirə biləcəyi ehtimalını artırır.

Bazar iştirakçıları FED-in oktyabrın 27-28-də keçiriləcək iclasında faiz dərəcələrini dəyişməyəcəyini gözləyirlər. Bununla belə, Goldman Sachs dekabrda faizlərin 0,25 faiz bəndi artırılacağını proqnozlaşdırır. CME FedWatch Tool məlumatlarına əsasən, treyderlər də dekabrda faiz artımı ehtimalını 85%-dən yüksək qiymətləndirirlər.

İnvestorlar indi FED-in inflyasiyanın əsas göstəricilərindən biri kimi izlədiyi şəxsi istehlak xərcləri (PCE) qiymət indeksinin gələn həftə açıqlanmasını gözləyirlər. Bu göstərici ABŞ-da pul siyasətinin gələcək istiqaməti barədə əlavə məlumat verə bilər.