Dövlət müəssisələrinin satınalmalarında yeni qayda tətbiq ediləcək

Dövlət müəssisələrinin satınalmalarında

Azərbaycanda dövlət müəssisələrinin və dövlət payı olan şirkətlərin satınalmaları ilə bağlı yeni qayda tətbiq ediləcək.

Monetar.az  xəbər verir ki, bu məsələ “Dövlət satınalmaları haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun idarəetməsinə verilən dövlət müəssisələri, dövlət payı olan təsərrüfat cəmiyyətləri və publik hüquqi şəxslər, eləcə də onların təsisçisi və ya iştirakçısı olduğu hüquqi şəxslərin müəyyən maliyyə mənbələri hesabına həyata keçirdiyi satınalmalara “Dövlət satınalmaları haqqında” Qanun şamil edilməyəcək.

Söhbət dövlət büdcəsinin və Naxçıvan Muxtar Respublikası büdcəsinin vəsaitləri, büdcə ssudaları, subsidiyalar, dövlət zəmanəti ilə alınmış kreditlər, dövlət qrantları və yardımları, habelə büdcədənkənar dövlət fondlarının vəsaitləri istisna olmaqla, digər maliyyə mənbələri hesabına alınan mallar, işlər və xidmətlərdən gedir.

Layihəyə görə, qeyd olunan hüquqi şəxslərin bu vəsaitlər hesabına həyata keçirəcəyi satınalmaların qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiqlənəcək.

Qeyd edək ki, qanun layihəsi Milli Məclisin oktyabrın 23-də keçirilən iclasında müzakirəyə çıxarılıb və üçüncü oxunuşda səsvermə ilə qəbul edilib.