Yaxın Şərqdə gərginlik artdı, WTI nefti 99 dolları keçdi

Yaxın Şərqdə gərginlik artdı,

Dünya bazarında  WTI neftinin qiyməti 99 dolları ötüb. Bu artım Yaxın Şərqdə gərginliyin yüksəlməsi və ABŞ-ın İrana qarşı yeni zərbələr endirə biləcəyi ilə bağlı xəbərlərlə əlaqələndirilir.

Monetar.az xəbər verir ki, neftin qiyməti son bir aydan çox müddətin ən yüksək səviyyəsinə çatıb.

Məlumata əsasən, ABŞ və İsrailin İrana qarşı mümkün yeni hücumlar üçün planlar hazırladığı bildirilir. İranın enerji infrastrukturunun bu hücumların əsas hədəflərindən biri ola biləcəyi qeyd olunur.

Bölgədəki gərginlik fonunda ABŞ Səudiyyə Ərəbistanında fövqəladə olmayan vəzifələrdə çalışan dövlət əməkdaşlarına və onların ailələrinə ölkəni tərk etməyi tapşırıb. Buna səbəb İranla əlaqəli husilərin hücumlarının artmasıdır.

Çərşənbə günü Səudiyyə Ərəbistanının Dammam şəhərindəki Kral Fəhd Beynəlxalq Hava Limanına hücum edildiyi bildirilir. Həmçinin ölkənin dövlət neft şirkəti Saudi Aramco-nun Dhahrandakı baş qərargahının əməkdaşlarına binanı tərk etmək və məsafədən işləmək göstərişi verdiyi qeyd olunur.

Yaxın Şərqdə vəziyyətin gərginləşməsi regiondan neft tədarükündə fasilələr yarana biləcəyi ilə bağlı narahatlıqları artırır. Bu risklər dünya bazarında neft qiymətlərinin yüksəlməsinə təsir edir.