Çinə ən çox borcu olan ölkə Pakistandır. Bu ölkənin Çin kreditorları qarşısında uzunmüddətli dövlət borcu 22,38 milyard dollar təşkil edib. Anqola 14,4 milyard dollarla ikinci, Şri-Lanka isə 8,69 milyard dollarla üçüncü yerdə qərarlaşıb.
Monetar.az -ın Dünya Bankının Beynəlxalq Borc Statistikası məlumatları əsasında hazırladığı reytinqdə Çin kreditorlarına olan uzunmüddətli dövlət və dövlət zəmanətli borclar müqayisə edilib.
İlk beşlikdə Efiopiya 7,44 milyard dollarla dördüncü, Banqladeş isə 6,63 milyard dollarla beşinci yeri tutub. Misirin borcu 5,91 milyard dollar, Keniyanın borcu 5,37 milyard dollar, Zambiyanın borcu 5,33 milyard dollar, Nigeriyanın borcu 5,32 milyard dollar, Laosun borcu isə 5,31 milyard dollar olub.
Reytinqdə Argentina 5,24 milyard dollarla 11-ci, Özbəkistan 3,92 milyard dollarla 14-cü, Serbiya 3,21 milyard dollarla 18-ci yerdə qərarlaşıb. Konqo Respublikası 2,97 milyard dollar, Belarus isə 2,76 milyard dollar borcla ilk 20 ölkə sırasına daxil olub.
Çin kreditləri əsasən infrastruktura yönəldilirÇinin inkişaf etməkdə olan ölkələrə ayırdığı kreditlər elektrik stansiyalarının, dəmir yollarının, avtomobil yollarının və digər infrastruktur layihələrinin maliyyələşdirilməsində mühüm rol oynayır.
Məsələn, Keniyada Mombasa–Nayrobi dəmir yolunun tikinti xərclərinin təxminən 90%-i Çin kreditləri hesabına maliyyələşdirilib. Pakistanın Çinlə iqtisadi əməkdaşlığı çərçivəsində isə elektrik enerjisi istehsalı, ötürücü xətlər və nəqliyyat infrastrukturu layihələri həyata keçirilib.
Mənbənin məlumatına görə, 2024-cü ilin sonunadək Pakistan–Çin İqtisadi Dəhlizi çərçivəsində tamamlanan layihələr ölkənin elektrik şəbəkəsinə 8 900 meqavatdan çox generasiya gücü əlavə edib. Bundan başqa, təxminən 900 kilometr avtomobil yolu istifadəyə verilib.
Çin qarşısında borclar müzakirə mövzusu olaraq qalırÇin kreditlərinin həcminin artması bəzi ölkələrin borclarını qaytarmaq imkanları ilə bağlı narahatlıqları gücləndirib. Böyük borc yükü ölkələrin maliyyə dayanıqlığına təsir göstərə, xarici kreditorlardan asılılığı artıra bilər.
Şri-Lanka və onun Hambantota limanı layihəsi bu müzakirələrdə tez-tez nümunə göstərilir. Bununla belə, Çinin kredit siyasətinin ölkələri məqsədli şəkildə borc asılılığına saldığı barədə iddialar mübahisəlidir. Araşdırmalarda borclu ölkələrin daxili iqtisadi problemləri və digər maliyyə amilləri də nəzərə alınır.
Digər tərəfdən, bəzi dövlətlərin Çinə olan borcu azalıb. Anqolanın borc qalığı 2023-cü illə müqayisədə 2024-cü ildə təxminən 20% azalıb. Ölkənin gələcək ödəniş imkanlarına isə dünya bazarında neft qiymətlərinin dəyişməsi təsir göstərir.