Misin qiyməti ucuzlaşıb: bazarda tələbatla bağlı narahatlıqlar artır

Misin qiyməti ucuzlaşıb: bazarda tələbatla bağlı

London Metal Birjasında (LME) misin qiyməti 0,98% azalaraq ton üçün 14 236,45 dollara enib. Gün ərzində metalın qiyməti 14 198-14 366 dollar intervalında dəyişib. Hazırkı qiymət ötən ay qeydə alınmış 14 875 dollarlıq tarixi maksimumdan təxminən 4,3% aşağıdır.

ABŞ-ın COMEX birjasında isə dekabrda çatdırılmalı mis fyuçersləri 1,48% ucuzlaşaraq funt üçün 6,4828 dollar səviyyəsində ticarət olunub.

Misin qiymətindəki geriləmə texnologiya sektorunda müşahidə olunan korreksiya və sənaye metallarına tələbatın zəifləyə biləcəyi ilə bağlı narahatlıqlarla əlaqələndirilir.

Mis məlumat mərkəzlərinin, elektrik şəbəkələrinin və süni intellekt infrastrukturunun qurulmasında istifadə olunan əsas metallardan biridir. Buna görə də texnologiya sektorunda investisiya planlarının zəifləməsi və infrastruktur layihələrinin maliyyələşdirilməsi ilə bağlı qeyri-müəyyənlik misə olan gözləntilərə təsir edə bilər.

Mis bazarına təzyiq göstərən digər amil Çin iqtisadiyyatının vəziyyəti ilə bağlı narahatlıqlardır.

Təqdim olunan məlumatlara görə, Çinin əsas fond indekslərindən olan CSI 300 iyun ayında qeydə alınmış zirvədən 20% geriləyərək ayı bazarına daxil olub. İndeksin ardıcıl 10-cu həftə də aşağı düşməsi Çin bazarlarında mənfi əhval-ruhiyyənin davam etdiyini göstərir.

Çin sənaye istehsalında, tikintidə və infrastruktur layihələrində misə tələbat baxımından mühüm bazardır. Buna görə də ölkədə iqtisadi fəallığın zəifləməsi qlobal mis istehlakına dair proqnozlara mənfi təsir göstərə bilər.

MONETAR.AZ