ABŞ-da bir uşağın 18 yaşına qədər böyüdülməsi üçün orta hesabla 303 418 dollar tələb olunur. Ştatlar üzrə fərq isə 210 min dolları ötür. Ən yüksək xərc Havay ştatında, ən aşağı xərc isə Nyu-Hempşirdə qeydə alınıb.
Monetar.az -ın “LendingTree” şirkətinin 2026-cı il araşdırması əsasında hazırladığı təhlilə görə, ABŞ-da uşağın böyüdülməsi xərcləri ötən hesabatla müqayisədə 1,9% artıb.
Hesablamalara əsasən, bir uşağın 18 il ərzində böyüdülməsi üçün orta illik xərc 16 857 dollar təşkil edir. Bu məbləğə mənzil, ərzaq, uşaq baxımı, geyim, nəqliyyat və tibbi sığorta ilə bağlı əlavə xərclər daxildir. Hesablamada vergi güzəştləri və kreditləri də nəzərə alınıb, lakin universitet təhsili xərcləri daxil edilməyib.
Uşaq böyütməyin ən baha başa gəldiyi ştat Havaydır. Burada 18 illik xərc 412 661 dollar qiymətləndirilir. Alyaskada bu göstərici 365 047 dollar, Merilenddə isə 326 360 dollar təşkil edir.
İlk beşlikdə Kaliforniya 312 300 dollarla, Nyu-Cersi isə 312 295 dollarla yer alıb.
Əksinə, ən aşağı xərc Nyu-Hempşirdə qeydə alınıb. Bu ştatda 18 illik xərc 201 963 dollar hesablanıb. Vaşinqton dairəsində göstərici 202 115 dollar, Cənubi Karolinada isə 204 213 dollar olub.
Beləliklə, Havayda uşaq böyütmək Nyu-Hempşirlə müqayisədə təxminən iki dəfə baha başa gəlir.
Araşdırmaya görə, uşağın həyatının ilk beş ilində orta illik xərc 29 325 dollar təşkil edir. Sonrakı 13 il ərzində bu məbləğ ildə orta hesabla 12 061 dollara enir.
İlk illərdə xərclərin yüksək olmasının əsas səbəblərindən biri uşaq baxımı xidmətləridir. ABŞ-da körpələr üçün gündüz baxımının illik dəyəri orta hesabla 17 min dollar civarındadır.
Bununla yanaşı, mənzil və nəqliyyat xərcləri də ailələrin büdcəsinə ciddi təsir göstərir. Məsələn, Alyaskada uşaq böyütməyin yüksək qiyməti təkcə uşaq baxımı ilə deyil, əlavə mənzil və nəqliyyat xərcləri ilə də bağlıdır.
“LendingTree”nin hesablamaları milli median ailə gəlirinə malik, iki nəfərin işlədiyi və bir uşağı olan ailə modelinə əsaslanır. Təhlildə əsasən 2024-cü ilin məlumatlarından istifadə olunub.
Araşdırma göstərir ki, uşağın böyüdülməsi xərcləri yaşayış yerindən asılı olaraq ciddi şəkildə dəyişir. Buna görə də eyni gəlir səviyyəsinə malik ailələr müxtəlif ştatlarda fərqli maliyyə yükü ilə üzləşə bilərlər.