Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 25 oktyabr 2026-cı il tarixində peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi – qanunvericilik üzrə imtahan keçiriləcək.
İmtahanda iştirak etmək üçün 684 nəfər qeydiyyatdan keçib. Qeydiyyat DİM-in internet saytı vasitəsilə aparılıb.
İmtahan Bakıda DİM-in elektron imtahanlar korpusunda, Naxçıvanda isə 4 nömrəli məktəbdə kompüterlər vasitəsilə keçiriləcək. Bu imtahanda iştirak etmək üçün qeydiyyatdan keçənlər imtahanın demo versiyası ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərlər:
https://portal.dim.gov.az/pmsDemo/
İmtahanlar saat 10:00-da və 16:00-da başlayacaq. Saat 09:45-dən və 15:45-dən sonra gələn namizədlərin imtahan binasına daxil olmasına icazə verilməyəcək.
İmtahan binasına mobil telefon, ağıllı saat və digər rabitə vasitələri, kalkulyator və başqa elektron cihazlar, konspekt, lüğət, cədvəl, pozan, çanta, məlumat kitabçası, xarici yaddaş qurğuları və digər yardımçı vasitələrin gətirilməsi, eləcə də onlardan istifadə edilməsi qadağandır.
İmtahanın müddəti 3 saatdır. Namizədlərə seçdikləri peşəkar mühasib sertifikatının növünə uyğun olaraq qanunvericilik üzrə 40 test tapşırığı təqdim ediləcək.
Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni buradan çap edə bilərlər. Həmin səhifədə imtahan iştirakçıları üçün “Yaddaş kitabçası” da yerləşdirilib. Namizədlərə kitabça ilə əvvəlcədən tanış olmaq tövsiyə olunur.
İmtahan günü iştirakçılar buraxılış vərəqəsində göstərilən vaxtda müvafiq imtahan binasının qarşısında olmalı və özləri ilə aşağıdakı sənədləri gətirməlidirlər:
-
Şəxsiyyəti təsdiq edən sənədin əsli — şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu;
-
İmtahana buraxılış vərəqəsi.
İmtahanın təşkili üçün 2 ümumi imtahan rəhbəri, 7 imtahan rəhbəri, 45 nəzarətçi və 7 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb olunub.