Azərbaycanda sentyabr ayında bir sıra qeyri-ərzaq məhsullarının qiyməti ötən ilin eyni ayı ilə müqayisədə azalıb.
Monetar.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, minik avtomobilləri 2 faiz, səs və təsvir avadanlıqları 1,1 faiz, foto-kino avadanlıqları və optik cihazlar 0,3 faiz ucuzlaşıb.
Hesabat dövründə ayaqqabıların qiyməti də 0,1 faiz aşağı düşüb.
Bununla yanaşı, bir sıra məhsul və xidmətlərin qiymətində dəyişiklik olmayıb. Belə ki, dərmanların, soyuq su təchizatının, zibilin daşınmasının və kanalizasiya xidmətlərinin qiyməti ötən ilin sentyabr ayı ilə müqayisədə sabit qalıb.
Eyni zamanda, dəniz nəqliyyatı ilə sərnişindaşıma, poçt xidmətləri, nəqliyyat vasitələrinin sığortası və digər maliyyə xidmətlərinin qiymətində də dəyişiklik qeydə alınmayıb.
Qeyd edək ki, sentyabr ayında istehlak malları və əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi qiyməti ötən ilin eyni ayı ilə müqayisədə 5,5 faiz artıb.