Azərbaycanda ət məhsulları ilə özünütəminetmə səviyyəsi azalıb

Azərbaycanda ət məhsulları ilə özünütəminetmə

Azərbaycanda 2025-ci ildə ət və ət məhsulları ilə özünütəminetmə səviyyəsi 83,3%-ə düşüb. Əvvəlki illə müqayisədə mal əti və qoyun-keçi əti üzrə göstəricilər azalıb, quş əti ilə özünütəminetmə səviyyəsi isə yüksəlib.

Monetar.az xəbər verir ki, statistik məlumatlara əsasən, 2020-ci ildə Azərbaycanda bütün növ ət və ət məhsulları ilə özünütəminetmə səviyyəsi 84,5% təşkil edib. 2025-ci ildə bu göstərici 83,3%-ə enib.

Mal əti və ət məhsulları üzrə özünütəminetmə səviyyəsi 2022-ci ildə 93%-ə çatdığı halda, 2025-ci ildə 83,7%-ə düşüb. Təkcə son bir ildə göstərici 88,5%-dən 83,7%-ə geriləyib.

Qoyun və keçi əti ilə özünütəminetmə səviyyəsi də azalıb. 2024-cü ildə 96,5% olan göstərici 2025-ci ildə 94,2% təşkil edib.

Quş əti üzrə isə artım qeydə alınıb. 2024-cü ildə 76,6% olan özünütəminetmə səviyyəsi ötən il 81,9%-ə yüksəlib. Beləliklə, bir il ərzində 5,3 faiz bəndi artım baş verib.

Donuz əti və ət məhsulları ilə özünütəminetmə səviyyəsi isə cəmi 4,4% təşkil edib. Bu göstərici 2020-ci ildə 4,7% olub.

Beləliklə, 2025-ci ildə ət məhsulları ilə özünütəminetmə səviyyəsində ümumi azalma əsasən mal əti və qoyun-keçi əti üzrə göstəricilərin geriləməsi fonunda qeydə alınıb.