Britaniyada miqrasiya siyasətinin sərtləşdirilməsi xidmət sektorunu təhlükə altına qoyur

Britaniyada miqrasiya siyasətinin sərtləşdirilməsi xidmət sektorunu

Böyük Britaniyada miqrasiya siyasətinin sərtləşdirilməsi yaşlılara və ehtiyacı olan şəxslərə qulluq göstərən, dəyəri 15 milyard funt-sterlinq (təxminən 20 milyard dollar) olan sektorda ciddi narahatlıqlara səbəb olub. “Bloomberg” agentliyinin məlumatına görə, xidmət təminatçıları yeni qaydaların işçi çatışmazlığını dərinləşdirə və bəzi müəssisələrin bağlanmasına gətirib çıxara biləcəyi barədə xəbərdarlıq edirlər.

“Work Rights Centre” təşkilatının məlumatına görə, əməkçi miqrantlar Böyük Britaniyada böyüklərə qulluq sahəsində çalışanların təxminən üçdə birini təşkil edir.

Leyboristlər hökuməti sui-istifadə halları ilə bağlı narahatlıqlar səbəbindən müvafiq viza proqramını dayandırana qədər, 2022-ci ilin fevralından 2025-ci ilin iyulunadək Səhiyyə və Qulluq Vizası (Health and Care Visa) vasitəsilə ölkəyə 280 minə yaxın işçi gəlib.

Təklif olunan dəyişikliklər sektorda çalışan miqrantların gələcək hüquqi statusuna da təsir göstərə bilər. Belə ki, mövcud vizaların sahiblərinin 2028-ci ilin iyulundan etibarən İxtisaslı İşçi Vizası (Skilled Worker Visa) kateqoriyasına keçməsi tələb oluna bilər. Bu isə daha yüksək əməkhaqqı tələblərinin tətbiqinə səbəb ola bilər.

Daxili işlər naziri Şabana Mahmudun təklif etdiyi daimi yaşayış statusu ilə bağlı islahatlar da narahatlıq doğurur. Təkliflərə əsasən, daimi yaşayış hüququ əldə etmək üçün tələb olunan standart müddətin 5 ildən 10 ilə qaldırılması nəzərdə tutulur. Bu dəyişikliklərin 2022–2023-cü illərdə işə götürülmüş bəzi miqrantların daimi status almaq imkanlarına təsir göstərə biləcəyi bildirilir.

Sektor nümayəndələri bildirirlər ki, yerli hakimiyyət orqanlarının ayırdığı maliyyə vəsaiti daha yüksək əməkhaqqı tələblərini qarşılamaq üçün kifayət etmir. Bu vəziyyət işçi çatışmazlığı ilə mübarizə aparan şirkətlərin maliyyə yükünü daha da artırır.

“Maucare” qulluq şirkətinin idarəedici direktoru Şveta Maulayya xəbərdarlıq edib ki, nəzərdə tutulan məhdudiyyətlər onu biznesini kiçiltməyə və ya satmağa məcbur edə bilər.

Sektor Böyük Britaniyada hər gün 650 mindən çox ehtiyacı olan şəxsə qulluq və dəstək göstərir. Buna görə də mümkün kadr çatışmazlığı həm xidmət təminatçıları, həm də yerli hakimiyyət orqanları üçün ciddi problem hesab olunur.

Miqrasiya qaydalarının sərtləşdirilməsi ilə bağlı təkliflər siyasi müstəvidə də mübahisələrə səbəb olub.

Mövcud məlumatlara görə, baş nazir Endi Börnhemin qulluq sektoru işçiləri üçün istisnaların tətbiqi imkanını nəzərdən keçirdiyi bildirilir. Bununla belə, məsələ ilə bağlı yekun qərar açıqlanmayıb.

Leyboristlər Partiyasının 100-dən çox deputatı daha əvvəl hökuməti planlaşdırılan dəyişikliklərə yenidən baxmağa çağırıb. Onların bir qismi artıq ölkədə yaşayan miqrantların geriyə şamil edilən dəyişikliklərdən qorunmasını və daimi yaşayış statusunun əldə edilməsi üçün maksimum müddətin 7 il müəyyənləşdirilməsini tələb edir.

Qulluq şirkətləri isə hüquqi qeyri-müəyyənliyin artıq biznes qərarlarına təsir etdiyini bildirirlər. Bəzi müəssisələr fəaliyyətlərini satmaq və ya tamamilə dayandırmaq variantlarını nəzərdən keçirirlər.

Hökumətin miqrasiya siyasətində nəzərdə tutulan dəyişikliklərlə bağlı əlavə təfərrüatları gələn ay açıqlayacağı gözlənilir.

MONETAR.AZ