Bitcoin 80 800 dollar səviyyəsinə yüksəlib: FED-in qərarını gözlənilir

Bitcoin 80 800 dollar səviyyəsinə yüksəlib:

Bitcoin həftəsonu baş verən kəskin satış dalğasından sonra bu gün təxminən 80 800 dollar səviyyəsinə qədər bərpa olunub. İnvestorlar ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz qərarı ərəfəsində kriptovalyuta bazarında baş verən kütləvi likvidasiyaların nəticələrini qiymətləndirirlər.

FED-in oktyabrın 27–28-də keçiriləcək iclası bitcoinin qiymət dinamikasına təsir göstərə biləcək əsas amillərdən biri hesab olunur. Bazar iştirakçıları tənzimləyicinin faiz dərəcələrini dəyişməz saxlayacağı, yoxsa pul-kredit siyasətini daha da sərtləşdirəcəyi ilə bağlı siqnalları izləyirlər.

Faiz dərəcələrinin yüksək səviyyədə saxlanılması və ya artırılması ABŞ dollarını dəstəkləyə, eyni zamanda bitkoin kimi riskli aktivlərə tələbatı zəiflədə bilər. Əksinə, FED-in daha yumşaq mövqeyi kriptovalyuta bazarındakı bərpanı dəstəkləyə bilər.

Bazar üçün əlavə risk amili Yaxın Şərqdəki müharibə və enerji qiymətlərinin yüksəlməsidir. “Brent” markalı neftin bir barelinin qiymətinin 117 dolları ötməsi inflyasiyanın davamlı yüksək qalacağı ilə bağlı narahatlıqları gücləndirir. Bu vəziyyət mərkəzi bankların faiz siyasəti ilə bağlı qərarlarını da çətinləşdirə bilər.

Dünən bitcoinin qiyməti 79 146 dollara qədər enərək bir aydan çox müddətin minimumunu yeniləmişdi. Sonradan kriptovalyuta yenidən 80 000 dollar həddini keçərək bərpa olunmağa başlayıb.

“CoinGlass” platformasının məlumatlarına görə, 24 saat ərzində kriptovalyuta bazarında 810 milyon dollardan çox mövqe ləğv edilib. Bunun təxminən 689 milyon dolları qiymət artımına mərc edən uzun mövqelərin payına düşüb.

Həftəsonu ticarətində likvidliyin azalması satış təzyiqini gücləndirib. Bitcoinin 80 000 dollar həddindən aşağı düşməsi kredit çiyni ilə açılmış mövqelərin məcburi bağlanmasına səbəb olub. Bu proses satışları daha da sürətləndirərək qiymət enişini dərinləşdirib.

Bakı vaxtı ilə saat 09:53-ə olan məlumata görə, bitcoin 80 936,3 dollar səviyyəsində ticarət olunub və 81 000 dollar həddinə yaxınlaşıb.

MONETAR.AZ