Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 23 oktyabr 2026-cı il tarixində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin əməkdaşları üçün “Kadrların seçilməsi” mövzusunda təlim təşkil olunub.
Təlimdə DİM-in Dövlət strategiyaları ilə iş və insan kapitalının inkişafı şöbəsinin böyük məsləhətçisi Miranə Rüstəmli iştirakçılara müasir insan resurslarının idarə olunması standartları, vakansiyalara uyğun namizədlərin qiymətləndirilməsi və kadr seçimi prosesinin əsas xüsusiyyətləri barədə ətraflı məlumat verib.
Təqdimat zamanı kadr seçimi ilə işə qəbul və namizədlərin cəlb edilməsi arasındakı fərqlər, seçim prosesinin 12 mərhələsi və hər mərhələdə yarana biləcək risklər, vəzifə təhlilində düzgün meyarların müəyyənləşdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Bununla yanaşı, kompetensiya, davranış göstəricisi və müsahibə sualı arasındakı əlaqə, strukturlaşdırılmış müsahibənin təşkili, müsahibələrdə STAR və probing metodlarının tətbiqi, süni intellektin (AI) kadr seçimində yaratdığı imkanlar və risklər, eləcə də obyektiv seçim meyarlarından istifadə məsələləri müzakirə olunub.
Təlim nəzəri məlumatlarla məhdudlaşmayıb, interaktiv fəaliyyətlərlə davam etdirilib. İştirakçılar real iş mühitinə uyğun hazırlanmış praktiki tapşırıqları yerinə yetirib, qrup oyunları vasitəsilə komanda daxilində qərarvermə bacarıqlarını nümayiş etdiriblər.
Kadr seçimi prosesində qarşıya çıxan çətinliklər və onların həlli yolları reallığa əsaslanan keys təhlilləri (case study) vasitəsilə nəzərdən keçirilib.
Aktiv müzakirələr şəraitində keçirilən təlimin sonunda iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.