Audi ABŞ-da ilk zavodunu tikəcək

Audi ABŞ-da ilk zavodunu

Almaniyanın “Volkswagen” konserninə daxil olan “Audi” şirkəti ABŞ-da ilk avtomobil zavodunu inşa etməyi planlaşdırır. Layihəyə təxminən 4 milyard dollar investisiya qoyulacaq, müəssisənin isə 2030-cu illərin əvvəllərində fəaliyyətə başlaması nəzərdə tutulur.

Şirkətin mətbuat xidmətinin məlumatına görə, zavodun illik istehsal gücü 200 min avtomobilə qədər olacaq.

Müəssisə Corciya ştatında tikiləcək. “Audi”nin baş icraçı direktoru Gernot Döllner ABŞ prezidenti Donald Trampla birgə çıxışı zamanı bildirib ki, şirkət ən iri və premium krossoverlərini ABŞ bazarına gətirməyi və onları Meykon şəhərində istehsal etməyi planlaşdırır.

“The Wall Street Journal”ın yazdığına görə, “Audi” ABŞ-da istehsal müəssisəsi olmayan yeganə alman avtomobil markası olaraq qalırdı. “Volkswagen”, eləcə də onun birbaşa rəqibləri “BMW” və “Mercedes-Benz” artıq ABŞ-ın cənubunda yerləşən zavodlarda avtomobil istehsal edir. Bu müəssisələrdə istehsal olunan avtomobillərin bir hissəsi digər ölkələrin bazarlarına da göndərilir.

“Audi”dən bildirilib ki, yeni zavod şirkətə dünyanın ikinci ən böyük premium avtomobil bazarı olan ABŞ-da mövqeyini möhkəmləndirməyə imkan verəcək. Eyni zamanda, müəssisənin ticarət və valyuta risklərini azaltmağa, Şimali Amerikanı isə Avropa və Çinlə yanaşı, brendin üçüncü əsas regionuna çevirməyə kömək edəcəyi gözlənilir.

2025-ci ilin yazında “Audi” ABŞ-a avtomobil göndərişlərini müvəqqəti dayandırmışdı. Bu qərar xaricdən gətirilən avtomobillərə rüsumların və 185 ölkədən idxal olunan mallara əlavə tariflərin tətbiqi ilə bağlı idi.

Donald Tramp administrasiyasının tarif siyasəti fonunda ABŞ-da yerli istehsalın genişləndirilməsi avtomobil istehsalçıları üçün daha böyük əhəmiyyət qazanıb. “Audi”nin yeni zavod layihəsi də şirkətin ABŞ bazarında istehsal imkanlarını artırmaq və xarici ticarət risklərini azaltmaq strategiyasının bir hissəsi kimi qiymətləndirilir.

MONETAR.AZ