Naxçıvanda taxıl istehsalı 22 faiz artıb

Naxçıvanda taxıl istehsalı

Prezident İlham Əliyevin 2026-cı il mayın 25-də imzaladığı Sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” aqrar sahədə dayanıqlı inkişafın təmin edilməsi, intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidin sürətləndirilməsi və ərzaq təhlükəsizliyinin gücləndirilməsini nəzərdə tutur. Proqramda məhsuldarlığın artırılması, müasir aqrar texnologiyaların tətbiqinin genişləndirilməsi, fermerlərə dəstəyin gücləndirilməsi və strateji məhsullar üzrə istehsalın artırılması əsas istiqamətlər sırasındadır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Dövlət Proqramında taxılçılığın, xüsusilə buğda istehsalının inkişafına xüsusi diqqət yetirilir. Sənədə əsasən, ixtisaslaşmış rayonlarda buğda üzrə orta məhsuldarlığın 2030-cu ilədək hər hektardan 50 sentnerə çatdırılması və ölkə üzrə buğda istehsalının 20 faiz artırılması hədəflənir.

Naxçıvan Muxtar Respublikasında bu istiqamətdə görülən işlər artıq müsbət nəticələr verir. Bu il muxtar respublikada 13 min 778,1 hektar taxıl sahəsində biçin aparılıb. Ümumilikdə 45 min 914,2 ton taxıl istehsal olunub ki, bunun 15 min 320,4 tonu buğdanın, 30 min 593,8 tonu isə arpanın payına düşüb. Taxıl istehsalı ötən illə müqayisədə 22 faiz artıb.

Biçilmiş sahələrin 4 min 108,2 hektarını buğda, 9 min 669,9 hektarını isə arpa təşkil edib. Taxıl üzrə orta məhsuldarlıq hər hektardan 33,3 sentner, buğda üzrə 37,3 sentner, arpa üzrə isə 31,6 sentner olub. 2025-ci ildə muxtar respublikada 15 min 29,4 hektar sahədən 37 min 648,8 ton taxıl toplanmış, orta məhsuldarlıq 25,1 sentner təşkil etmişdi.

Babək rayonunda da taxılçılıqda yüksək göstəricilər qeydə alınıb. Rayonda orta məhsuldarlıq hər hektardan 34,4 sentner olmaqla 14 min 747,8 ton məhsul əldə edilib.

Nəzərabad kənd sakini Asif Əliyev 30 ilə yaxındır əkinçiliklə məşğuldur. Onun təxminən 30 hektar torpaq sahəsi var. Təsərrüfatçı əlavə olaraq 4 hektar sahədə yonca toxumu yetişdirir. Onun sözlərinə görə, uzun illərdir yonca toxumçuluğu ilə məşğul olur və Şahbuz rayonunun müxtəlif kəndlərindən fermerlər onun təsərrüfatından toxum alırlar. Toxumun bir hissəsi Bakı şəhərinə də göndərilir.

Asif Əliyev il ərzində 50–60 ton taxıl istehsal etdiyini və məhsulunu əsasən Şahbuz sakinlərinə satdığını bildirib. O, fermerlərə müəyyən güzəştlər etdiyini, hətta taxılı öz avtomobili ilə kənd sakinlərinə çatdırdığını qeyd edib.

Təsərrüfatçının sözlərinə görə, dövlətin taxılçılığın inkişafına göstərdiyi diqqət fermerlərin bu sahəyə marağını artırıb. Bu, onun öz təsərrüfatında da əkin sahələrinin genişləndirilməsinə təsir edib. Növbəti əkin mövsümündə taxıl sahəsini 5 hektar artıraraq 20 hektara çatdırmağı planlaşdırır.

Fermer lizinq yolu ilə göstərilən xidmətlərin də təsərrüfatçılar üçün mühüm dəstək olduğunu vurğulayıb. Onun sözlərinə görə, Nəzərabadda torpağın xüsusi texnika ilə şumlanması 100–120 manata başa gəldiyi halda, lizinq xidməti ilə bu xərc təxminən 50 manat təşkil edir.

Asif Əliyev yüksək məhsuldarlığın yalnız əkin və şum işlərindən asılı olmadığını, sahələrə vaxtında və düzgün qulluq göstərilməsinin, eləcə də keyfiyyətli toxumdan istifadənin vacibliyini bildirib.

“Şərurda bir fermerin əkdiyi “Alekseiç” sortundan hər hektardan 100 sentnerə qədər məhsul götürüldüyünü eşitdim. Artıq həmin fermerlə razılaşmışam və təxminən 4 ton toxum gətirib əkməyi planlaşdırıram”, – deyə təsərrüfatçı bildirib.

Fermer suvarma imkanlarının yaxşılaşdırılmasının da məhsuldarlığa ciddi təsir göstərə biləcəyini qeyd edib. Onun sözlərinə görə, təsərrüfat sahələri su kanalından təxminən 2 kilometr məsafədə yerləşir. Su təminatının daha da yaxşılaşdırılması halında mövcud çətinliklərin aradan qalxacağı və məhsuldarlığın artacağı gözlənilir.

Cəhri qəsəbə sakini, 22 illik təcrübəyə malik aqronom-təsərrüfatçı Adəm Allahverdiyev də taxılçılıqda yüksək nəticələrin əldə olunduğunu bildirib. O, ötən il 7 hektarda taxıl, 2,5 hektarda qarğıdalı və 4,5 hektarda yonca əkib. Bu il isə təxminən 10 hektar sahəni şumlatdırıb və taxıl əkinlərini 10 hektardan yuxarı genişləndirməyi, həmçinin qarğıdalı sahələrini artırmağı planlaşdırır.

A.Allahverdiyev dövlət subsidiyalarının, lizinq yolu ilə texnika təminatının və gübrə dəstəyinin fermerlərin işini əhəmiyyətli dərəcədə asanlaşdırdığını vurğulayıb.

“Dövlətimiz tərəfindən diqqət və qayğı ilə əhatə olunmuşuq. Əvvəllər azot verilirdisə, indi fosfor gübrəsi də verilir ki, bu da məhsuldarlığın artmasına ciddi kömək edir”, – deyə fermer bildirib.

Naxçıvanda taxıl istehsalının artması dövlət dəstəyi, müasir aqrar yanaşmalar və fermerlərin əməyinin birgə nəticəsini göstərir. Subsidiyalar, lizinq mexanizmləri, gübrə təminatı və texniki imkanların genişləndirilməsi təsərrüfatların istehsal potensialının artırılmasına və məhsuldarlığın yüksəldilməsinə şərait yaradır.