Kənd təsərrüfatı texnikası və texnoloji avadanlıqların alınmasına tətbiq olunan güzəşt mexanizmlərinə dəyişiklik edilib. Yeni qaydalara əsasən, taxıl, pambıqyığan, yemyığan və yempaylayan kombaynlar, lazer hamarlayıcılar, soyuducu anbarlar, taxıl siloları, suvarma hovuzları üçün membranlar, eləcə də aqrar istehsalda istifadə olunan günəş panelləri üzrə güzəşt tətbiq edilən hissə 50 faizədək artırılacaq.
Monetar.az xəbər verir ki, bu Aqrar Subsidiya Şurasının subsidiya şərtlərində etdiyi dəyişikliklərdə təsdiqini tapıb.
Yerli istehsal damcı suvarma sistemləri üzrə güzəşt 60 faiz, xarici istehsal sistemlər üzrə isə 50 faiz təşkil edəcək.
Kiçik şərabçılıq müəssisələrinin yaradılması üçün alınan avadanlıqlara 60 faiz güzəşt tətbiq olunacaq. İstixanalarda istifadə edilən texnoloji avadanlıqlar, həmçinin yerli istehsal metal konstruksiyalar və şüşələr üzrə güzəşt isə 20 faiz həddində müəyyən edilib.