Avropada istiqraz gəlirliliyinin fərqlənməsinə nə səbəb olur?

Avropada istiqraz gəlirliliyinin fərqlənməsinə

“KB Securities” analitiklərinin fikrincə, Qərbi Avropanın əsas iqtisadiyyatlarında dövlət borclanmasının bahalaşması və istiqraz gəlirlilikləri arasındakı fərqin genişlənməsi maliyyə bazarları üçün gizli risk yaradır. Artan borclanma xərcləri bəzi ölkələrdə son iki onillikdə müşahidə olunmayan səviyyələrə yaxınlaşır. Son həftələrdə Avropanın əsas dövlət istiqrazlarında gəlirliliklərin yüksəlməsi investorların regionun fiskal vəziyyətinə diqqətini artırıb.

Hesabatda qeyd olunur ki, Qərbi Avropanın iri ölkələrinin 10 illik dövlət istiqrazlarının gəlirliliyi artıq 2023-cü ildə qeydə alınmış pik səviyyələri ötüb və 2007-ci ilin maksimumlarına yaxınlaşıb. ABŞ-ın 10 illik xəzinə istiqrazlarının gəlirliliyi isə 4,8%-ə yaxınlaşsa da, hələ 2023-cü ildəki pik göstəricidən aşağıdır.

Daha ciddi narahatlıq doğuran məqam Qərbi və Cənubi Avropa ölkələrinin istiqraz gəlirlilikləri arasındakı fərqin genişlənməsidir. Fransa və Almaniyada borclanma xərcləri daha sürətlə artdığı halda, İspaniya və İtaliyada 10 illik istiqrazların gəlirliliyi 2023-cü ilin pik səviyyələrindən aşağıda qalır və daha mülayim templə yüksəlir. “KB Securities” hesab edir ki, bu fərqlənmə diqqətəlayiqdir. Çünki sözügedən ölkələrin hamısı avrodan istifadə edir və vahid pul-kredit siyasətinə tabedir.

Gəlirliliklər arasındakı fərq ölkələrin fiskal vəziyyəti ilə də izah olunur. Gələn il Fransa və Almaniyada büdcə kəsirinin ÜDM-in təxminən 5–6%-i səviyyəsində olacağı, İspaniya və İtaliyada isə bu göstəricinin 2–3% təşkil edəcəyi gözlənilir. Bu, son iki ölkənin Avropa İttifaqının müəyyən etdiyi 3%-lik büdcə kəsiri həddinə daha yaxın olduğunu göstərir.

Almaniya müdafiə və infrastruktur layihələrinin maliyyələşdirilməsi üçün borclanmanı artırmağı planlaşdırır. Fransada isə siyasi və ictimai müqavimət büdcə konsolidasiyasının davam etdirilməsini çətinləşdirir. Son dövrdə Fransanın istiqraz gəlirliliyinin yüksəlməsi ölkənin fiskal dayanıqlığı ilə bağlı narahatlıqları da artırıb.

“KB Securities” yaranmış vəziyyəti 2008-ci il qlobal maliyyə böhranından sonra Avropa ölkələrinin dövlət istiqrazları arasında gəlirlilik fərqlərinin kəskin artdığı 2011-ci il avrozonanın borc böhranından əvvəlki dövrlə müqayisə edir. Analitiklər bildirirlər ki, vahid valyuta və ümumi pul-kredit siyasətini bölüşən ölkələr arasında belə kəskin fərqlənmə normal hal hesab edilmir.

Bununla belə, broker şirkəti hazırda yaxınlaşan böhran əlamətlərinin müşahidə olunmadığını bildirir. Gəlirlilik spredləri genişlənsə də, hələlik nisbətən dar olaraq qalır. Daha ciddi risklərin iqtisadi artımın zəiflədiyi dövrdə ortaya çıxa biləcəyi vurğulanır.

Analitiklərin fikrincə, əvvəlki böhran zamanı istiqraz gəlirlilikləri arasındakı fərqlər hələ 2008-ci ildə genişlənməyə başlamışdı. Lakin vəziyyət 2011-ci ilin birinci yarısında iqtisadi artımın zəifləməsindən sonra həmin ilin ikinci yarısında sistemli böhrana çevrilmişdi.

Bu baxımdan, növbəti iqtisadi tənəzzül Avropa maliyyə bazarları üçün əsas sınaqlardan birinə çevrilə bilər. Hesabatda bildirilir ki, iqtisadi artımın güclü olduğu dövrlərdə investorlar ölkələrin büdcə zəifliklərinə daha çox göz yummağa meyllidirlər. Lakin iqtisadi fəallığın zəifləməsi bazar iştirakçılarını fiskal dayanıqlığı yenidən qiymətləndirməyə və Avropanın maliyyə sistemində potensial “zəif bəndi” müəyyənləşdirməyə sövq edə bilər.

MONETAR.AZ