Tədiyə balansının cari əməliyyatlar hesabında profisitin qorunması və maliyyə sektorunda dedollarlaşma prosesinin davam etməsi fonunda Azərbaycanın valyuta bazarında xarici valyuta təklifi tələbi üstələyib.
AZƏRTAC-ın Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, bu şəraitdə AMB 2026-cı ilin avqust ayında valyuta bazarında 1,5 milyard ABŞ dolları həcmində alışyönlü müdaxilə həyata keçirib.
Nəticədə, cari ilin əvvəlindən etibarən Mərkəzi Bankın valyuta ehtiyatları 3,8 milyard dollar və ya 33% artaraq tarixi maksimum səviyyə olan 15,3 milyard ABŞ dollarına çatıb.
AMB bildirib ki, valyuta bazarından alınan xarici valyutanın tam və ya bir hissəsinin gələcəkdə bazarda formalaşacaq tələbdən asılı olaraq tarazlığın qorunması məqsədilə yenidən bazara çıxarılması istisna edilmir.
Qeyd olunub ki, makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə Mərkəzi Bank zərurət yarandığı halda valyuta bazarında həm alış, həm də satışyönlü müdaxilələri davam etdirəcək və belə əməliyyatlar barədə ictimaiyyətə əlavə məlumat veriləcək.