“Google” yaxın iki il ərzində Finlandiyanın rəqəmsal infrastrukturuna ən azı 13 milyard avro sərmayə qoymağı planlaşdırır. Bu, şirkətin Avropada indiyədək həyata keçirəcəyi ən böyük birdəfəlik investisiya olacaq.
2027-2028-ci illəri əhatə edəcək investisiya proqramı Hamina, Kajaani, Muhos və Vaala şəhərlərində məlumat emalı mərkəzlərinin (data mərkəzlərinin) və əlaqəli infrastrukturun tikintisini nəzərdə tutur.
“Google”un Finlandiyadakı fəaliyyəti 2009-cu ildən başlayır. Həmin il şirkət Haminada keçmiş kağız kombinatını satın alaraq data mərkəzinə çevirib. 2023-2025-ci illərdə Haminadakı fəaliyyətlər tikinti, istismar və şəbəkə infrastrukturu sahələrində 600-dən çox Finlandiya şirkətinin, o cümlədən “DNA”, “Elisa” və “Nokia”nın xidmətlərindən istifadə edilməsinə şərait yaradıb.
Layihənin 2027-2028-ci illəri əhatə edən ilkin tikinti mərhələsində Finlandiya iqtisadiyyatına illik orta hesabla 3,6 milyard avro töhfə verəcəyi və ölkə üzrə 37 mindən çox iş yerini dəstəkləyəcəyi gözlənilir. Bunun təxminən 16 min iş yeri tikinti sektorunun payına düşəcək və həmin sahədə orta illik əmək gəlirlərinin 911 milyon avro təşkil edəcəyi proqnozlaşdırılır.
Obyektlər istismara verildikdən sonra onların hər il təxminən 7 min iş yerini dəstəkləyəcəyi gözlənilir. Bu iş yerləri üzrə orta əməkhaqqının Finlandiyada median əməkhaqqından 24% yüksək olacağı bildirilir.
Yeni infrastruktur “Gemini”, “Search”, “Maps” və “YouTube” daxil olmaqla, “Google” xidmətlərinin fəaliyyətini dəstəkləyəcək. Haminadakı data mərkəzi şirkətin 43 bulud regionundan ibarət qlobal şəbəkəsinin bir hissəsidir. Bu infrastruktur Finlandiyanın “Nokia” və “Elisa” kimi şirkətlərinə, eləcə də Hamina şəhər administrasiyasına bulud xidmətlərindən istifadə etməyə və süni intellekt əsaslı həllər hazırlamağa imkan verir.
Şirkət genişlənməni dəstəkləmək məqsədilə enerji sahəsində də bir sıra tərəfdaşlıqlar elan edib. “Google” Finlandiyanın elektrik enerjisinin təxminən 10%-ni təmin edən və 580-ə yaxın əməkdaşı olan Loviisa Atom Elektrik Stansiyasının fəaliyyətini dəstəkləmək üçün Finlandiyanın “Fortum” enerji şirkəti ilə 22 illik elektrik enerjisinin satın alınması sazişi imzalayıb.
Şirkətin məlumatına görə, Loviisa AES-in istismar müddətinin uzadılması ilə bağlı investisiya proqramı həyata keçirilməsəydi, stansiyanın 2030-cu ildən sonra fəaliyyətini davam etdirməsi mümkün olmayacaqdı.
“Google” həmçinin enerji yükünün tənzimlənməsi və yeni generasiya güclərinin yaradılması imkanlarını araşdırmaq üçün “Fortum”la anlaşma memorandumu imzalayıb. Bundan əlavə, şirkət “Valorem” və “Suomen Hyötytuuli” ilə quru külək elektrik stansiyalarından enerji alınmasına dair sazişlər bağlayıb. Bununla da “Google” tərəfindən dəstəklənən yeni quru külək enerjisi güclərinin ümumi həcmi 629 meqavata çatıb.
Kajaani obyektinin yaxınlığında 94 meqavat gücündə akkumulyator enerji saxlanc sistemi Finlandiyanın elektrik şəbəkəsinə qoşulacaq. Sistemin 2027-ci ilin sonunda istismara verilməsi gözlənilir.
“Google” həmçinin infrastrukturun yerləşdirilməsi üçün uyğun ərazilərin müəyyənləşdirilməsi və enerji səmərəli şəbəkə bağlantılarının yaradılması məqsədilə “Fingrid” və “Business Finland” ilə əməkdaşlıq edəcək.
Şirkət Hamina, Kajaani, Muhos və Vaala şəhərlərində təhsil və iqtisadi inkişafla bağlı yerli təşəbbüslərə dəstək üçün dörd il ərzində 31 milyon avro investisiya yatıracaq. Bu vəsaitin 10 milyon avrosu tədqiqat və innovasiyalara yönəldiləcək.
Bundan başqa, “Google” aztəminatlı ailələr üçün günəş panelləri və istilik nasoslarının quraşdırılmasını, eləcə də ictimai binalarda enerji səmərəliliyinin artırılması üzrə təmir layihələrini dəstəkləyəcək.
“Google.org”un Süni İntellekt İmkanları Fondu çərçivəsində 4 400-dən çox işçiyə süni intellektdən istifadə bacarıqları üzrə təlim keçirilməsi planlaşdırılır. Şirkət həmçinin data mərkəzləri sahəsində karyera qurmaq üçün bir il ərzində 100-ə qədər yerli fin tələbənin hazırlanması məqsədilə EKAMI ilə birgə kadr hazırlığı proqramına başlayacaq.
“Google” data mərkəzlərinin yerləşəcəyi ərazilərə bitişik keçmiş meşə təsərrüfatı torpaqlarının ekoloji bərpasına da vəsait ayıracaq. Şirkət təbii meşələrin, o cümlədən torf bataqlıqları və digər sulu-bataqlıq ərazilərin qorunmasına üstünlük verəcəyini açıqlayıb.
MONETAR.AZ