Tramp Kanadanın təyyarə istehsalçısının satışlarının dərhal dayandırılmasını tələb edib

Tramp Kanadanın təyyarə istehsalçısının satışlarının dərhal

ABŞ Prezidenti Donald Tramp bazar ertəsi Kanadanın təyyarə istehsalçısı “Bombardier” şirkətinin ABŞ bazarındakı satışlarının dərhal dayandırılmasını tələb edib. O, şirkətin Amerika bazarında fəaliyyətini davam etdirmək istəyirsə, ABŞ-də istehsala başlamalı olduğunu bildirib.

Trampın bu tələbi “Bombardier”in gəlirlərinin yarıdan çoxunun formalaşdığı ABŞ bazarına çıxışla bağlı şirkət üçün ciddi risk yaradır. “Investing.com”un məlumatına görə, analitiklər “Bombardier”in 2026-cı il üzrə illik gəlirini təxminən 10,2 milyard dollar qiymətləndirirlər. Trampın şirkətin gəlirlərinin 50 faizdən çoxunun ABŞ-dən əldə edildiyi barədə açıqlaması nəzərə alınarsa, Amerika bazarına girişin məhdudlaşdırılması illik təxminən 5 milyard dollarlıq gəliri risk altına sala bilər.

“BOMBARDIERİN ABŞ-DƏ SATIŞINA SON QOYULSUN! Onların məhsulları kifayət qədər yaxşı deyil!” – deyə Tramp “Truth Social” platformasında yazıb. O, “Bombardier”in ABŞ bazarından faydalandığını və eyni zamanda Kanadanın Amerika şirkətlərinin bu ölkədə fəaliyyətinə maneələr yaratdığını iddia edib. Tramp bildirib ki, şirkət ABŞ bazarında qalmaq istəyirsə, ölkədə istehsal müəssisələri yaratmalıdır.

Trampın son açıqlaması uzun müddətdir davam edən mübahisəni daha da kəskinləşdirib. O, yanvar ayında “Bombardier Global Express” biznes-jetlərinin sertifikatlaşdırılmasının ləğv edilə biləcəyi və Kanadada istehsal olunan təyyarələrə 50 faizlik idxal rüsumu tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq etmişdi. Lakin həmin tədbirlər həyata keçirilməyib. Bunun əvəzində Kanada 2026-cı ilin fevralında ABŞ-nin “Gulfstream Aerospace” şirkətinin bir neçə təyyarəsini sertifikatlaşdırıb.

Tramp sentyabrın 2-də Ağ Evdə jurnalistlərə açıqlamasında “Gulfstream” təyyarələrinin Kanadada sertifikatlaşdırılması ilə bağlı təzyiq göstərdiyini bildirib. Onun sözlərinə görə, bu məsələ ilə bağlı Kanadanın Baş naziri Mark Karni də ona zəng edib. Tramp həmçinin şəxsi tanışının “Gulfstream” üçün Kanada sertifikatının alınmasına qədərki doqquz il ərzində 60 milyon dollar xərclədiyini iddia edib.

“Bombardier”ə qarşı yeni təhdid ABŞ və Kanada arasında genişlənən ticarət gərginliyi fonunda səslənib. Kanadanın polad, süd məhsulları və taxta-şalban da daxil olmaqla 700-dən çox Amerika məhsuluna 15–50 faiz arasında dəyişən tariflər tətbiq etməsi və ümumilikdə 27,6 milyard dollar dəyərində ABŞ məhsuluna cavab rüsumları qoyması planlaşdırılır. Bu tədbirlərin sentyabrın 8-də qüvvəyə minməsi gözlənilir.

ABŞ-nin ticarət nümayəndəsi Ceymison Qrir “CBC News”a açıqlamasında Kanadanın yeni cavab tədbirlərinin Vaşinqton tərəfindən qarşılıqsız qalmayacağını bildirib.

“Bombardier” üçün maliyyə riskləri də kifayət qədər böyükdür. “Yahoo Finance”ın məlumatına görə, şirkət 2026-cı ilin ikinci rübündə 32 təyyarənin tədarükü hesabına 2,2 milyard dollar gəlir əldə edib. Bu, illik müqayisədə 6 faiz artım deməkdir. Xidmətlərdən əldə olunan gəlir isə 14 faiz artaraq rekord həddə – 674 milyon dollara çatıb. Şirkətin 2025-ci il üzrə ümumi gəliri 9,55 milyard dollar təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 10 faiz çoxdur.

Hazırda Trampın satışların dayandırılması ilə bağlı çağırışının hansı hüquqi və ya inzibati mexanizmlə həyata keçiriləcəyi açıqlanmayıb. “Bombardier” də bazar ertəsi axşamına olan məlumata görə, Trampın “Truth Social”dakı paylaşımına rəsmi münasibət bildirməyib.

Tramp administrasiyasının Kanada ilə bağlı siyasəti ABŞ daxilində də birmənalı qarşılanmır. “Reuters/Ipsos”un sentyabrın 1-də yayımladığı sorğuya əsasən, amerikalıların yalnız 20 faizi Kanadaya qarşı tariflərin artırılmasını dəstəkləyib, 57 faizi isə buna qarşı çıxıb.

MONETAR.AZ