Lənkərandakı fermer, Şəkidəki usta məhsulunu bir neçə kliklə ölkənin müxtəlif bölgələrindəki alıcılara təqdim edə bilir. Elektron ticarətin, rəqəmsal platformaların və çatdırılma xidmətlərinin inkişafı regionlarda fəaliyyət göstərən kiçik sahibkarların bazara çıxış imkanlarını genişləndirir, eyni zamanda onlayn məşğulluq üçün yeni imkanlar yaradır.
Əvvəllər regionlarda yaşayan sahibkarlar məhsullarını daha geniş bazara çıxarmaq üçün əsasən Bakıdakı topdansatış məntəqələrindən və vasitəçilərdən asılı idilər. İndi isə elektron ticarət platformaları və logistika şəbəkələri məhsul istehsalçısı ilə son istehlakçı arasındakı məsafəni qısaldır. KOBİA da mikro və kiçik sahibkarların məhsullarının elektron ticarət platformalarında satışına və bazarlara çıxışına dəstək göstərir.
Rəqəmsal ticarətin regionlar üçün yaratdığı əsas üstünlüklərdən biri məhsulun daha geniş auditoriyaya təqdim edilməsidir. Məsələn, Qubada yetişdirilən kənd təsərrüfatı məhsulu, Şəkidə hazırlanan milli şirniyyat və ya bölgələrdə istehsal olunan əl işləri fiziki mağaza açmadan da Bakı və digər şəhərlərdəki potensial alıcılara çatdırıla bilər.
Bu imkanlar artıq yalnız nəzəri xarakter daşımır. KOBİA-nın məlumatlarına görə, 2026-cı ilin ilk rübündə “Startap” şəhadətnaməsi alan 16 mikro və kiçik sahibkardan 6-sı regionlardan olub. Həmin startapların fəaliyyət istiqamətləri arasında elektron ticarət və rəqəmsal marketinq də yer alıb.
Rəqəmsallaşma məşğulluq imkanlarının genişlənməsinə də təsir edir. Regionlarda yaşayan gənclər proqramlaşdırma, rəqəmsal marketinq, dizayn, onlayn təhsil və digər xidmətlər vasitəsilə yaşayış yerini dəyişmədən həm yerli, həm də xarici müştərilərlə işləyə bilirlər. KOBİA-nın son təhlilləri də rəqəmsal platformalar və e-ticarət sahəsində fəaliyyət göstərən startaplarda dövriyyənin və məşğulluğun artdığını göstərir. 2025-ci ildə “Startap” şəhadətnaməsi almış 59 KOB subyektinin ümumi dövriyyəsi əvvəlki illə müqayisədə təxminən iki dəfə artaraq 6,1 milyon manata, orta işçi sayı isə 216 nəfərə çatıb.
Rəqəmsal platformaların digər mühüm üstünlüyü sahibkarların bazara çıxış xərclərini azaltmasıdır. Fiziki mağaza və ya satış məntəqəsi üçün icarə haqqı ödəmədən məhsulu onlayn nümayiş etdirmək, sifariş qəbul etmək və kuryer xidmətləri vasitəsilə alıcıya çatdırmaq mümkündür.
Bu baxımdan rəqəmsal ticarət region sahibkarları üçün sadəcə əlavə satış kanalı deyil, həm də bazara çıxış imkanlarını genişləndirən mühüm iqtisadi alətə çevrilir. Xüsusilə kiçik istehsalçıların məhsullarının daha geniş auditoriyaya çıxarılması, yeni müştərilərin cəlb edilməsi və regionlarda məşğulluğun artırılması baxımından bu prosesin əhəmiyyəti getdikcə artır.
Dövlətin sahibkarlara təqdim etdiyi rəqəmsal və institusional dəstək mexanizmləri də bu imkanları genişləndirir. KOBİA sahibkarların bazarlara çıxışına, məhsullarının ticarət şəbəkələrində və “KOB Market” platformasında satışına, eləcə də biznes biliklərinin artırılmasına dəstək göstərir.
Nəticədə regionlarda yaşayan sahibkar və gənclər üçün iqtisadi imkanların coğrafi məhdudiyyətləri tədricən azalır. Məhsulu Bakıya aparmaq və ya iş üçün paytaxta köçmək zərurəti əvvəlki qədər həlledici amil olmur. Rəqəmsal ticarət və onlayn məşğulluq regionların iqtisadi fəallığının artırılmasında getdikcə daha mühüm rol oynayır.
MONETAR.AZ