Anthropic "Decart AI" startapını almaqdan imtina edib

Anthropic "Decart AI" startapını

Süni intellekt sahəsində fəaliyyət göstərən ABŞ şirkəti “Anthropic” İsrailin “Decart AI” startapını almaq planından imtina edib. Bu barədə “Bloomberg” məlumat yayıb.

Məlumata görə, “Anthropic” “Decart AI” ilə bağlı danışıqlar aparıb və şirkətin fəaliyyəti üzrə lazımi yoxlamalar keçirib. Lakin yekunda sövdələşmədən geri çəkilib. Tərəflərin gələcəkdə digər əməkdaşlıq imkanlarını nəzərdən keçirə biləcəyi bildirilir.

“Anthropic”in İsrail startapına marağının əsas səbəblərindən biri “Decart AI”nin süni intellekt modellərinin təlimi və işlədilməsi zamanı çiplərin daha səmərəli istifadəsinə, bununla da hesablama xərclərinin azaldılmasına imkan verən proqram təminatı hazırlaması olub. Şirkətin bu texnologiyasının “Anthropic”in artan hesablama tələbatını qarşılamağa və əməliyyat xərclərini azaltmağa kömək edə biləcəyi bildirilirdi.

“Anthropic” və “Decart AI” arasında sövdələşmənin təxminən 6 milyard dollar dəyərində ola biləcəyi barədə məlumatlar avqust ayında yayılmışdı. “Decart AI” may ayında “Radical Ventures”in rəhbərlik etdiyi investisiya raundunda 300 milyon dollar cəlb etmiş və həmin maliyyələşmədən sonra şirkətin dəyəri təxminən 4 milyard dollar qiymətləndirilmişdi.

Beləliklə, təxminən 6 milyard dollarlıq mümkün sövdələşmə “Decart AI”nin son qiymətləndirməsi ilə müqayisədə əhəmiyyətli mükafat nəzərdə tuturdu. Lakin “Anthropic”in aparılmış yoxlamalardan sonra alışdan imtina etməsi sövdələşmənin baş tutmayacağı anlamına gəlir.

Qərar “Anthropic”in mümkün ilkin kütləvi səhm təklifi (IPO) ərəfəsində baş verir. Şirkət artan tələbatı qarşılamaq üçün hesablama gücünə böyük həcmdə vəsait yatırır və eyni zamanda süni intellekt modellərinin daha sürətli və səmərəli işləməsi üçün öz çip və proqram təminatı imkanlarını inkişaf etdirir.

MONETAR.AZ