Tailandda 49 məlumat mərkəzinin tikintisi müvəqqəti dayandırılıb

Tailandda 49 məlumat mərkəzinin tikintisi

Tailand hakimiyyəti yüksək enerji və su istehlakı, eləcə də ətraf mühitə təsirlə bağlı narahatlıqlara görə 49 məlumat mərkəzinin tikintisini müvəqqəti dayandırıb. “Bloomberg”in məlumatına görə, layihələr hökumətin yaxın bir ay ərzində təqdim etməyi planlaşdırdığı yeni sahəvi tənzimləmə qaydaları hazırlanarkən dondurulub.

Bununla belə, Tailand məlumat mərkəzlərinə investisiyalardan imtina etmək niyyətində deyil. Hakimiyyət ölkənin texnologiya şirkətləri üçün cəlbediciliyini qorumaqla yanaşı, sektorun daha dayanıqlı inkişafını təmin edəcək vahid standartlar müəyyənləşdirməyə çalışır. Yeni qaydaların həm artıq fəaliyyət göstərən, həm də tikilməkdə olan obyektlərə şamil ediləcəyi gözlənilir.

Son illərdə Tailand süni intellekt və bulud infrastrukturu sahəsində regional mərkəzlərdən birinə çevrilib. “Google”, “Amazon” və “Microsoft” ölkədə öz imkanlarını genişləndirir. “TikTok” da məlumatların saxlanılması üçün infrastrukturunun inkişaf etdirilməsi ilə bağlı razılıq əldə edib.

Sektorun sürətli böyüməsi isə hökumətin yanaşmasını yenidən nəzərdən keçirməsinə səbəb olub. Məlumat mərkəzləri böyük həcmdə elektrik enerjisi və su tələb etdiyindən, hakimiyyət iri operatorlar üçün elektrik tariflərinin artırılması, eləcə də əhalinin sıx məskunlaşdığı ərazilərdə yeni obyektlərin tikintisinə nəzarətin gücləndirilməsi imkanlarını nəzərdən keçirir. Banqkokda xəstəxananın yaxınlığında məlumat mərkəzinin tikintisi ilə bağlı şikayətlərdən sonra bir sıra layihələrin razılaşdırılması da müvəqqəti dayandırılıb.

Məlumat mərkəzlərinə qarşı narahatlıqlar qlobal miqyasda da artır. Süni intellektə tələbatın sürətli yüksəlişi yeni hesablama və saxlama infrastrukturuna böyük investisiyaları stimullaşdırsa da, bu obyektlərin enerji, su və torpaq resurslarına təsiri ilə bağlı etirazlar genişlənir. “Bloomberg” son dövrdə müxtəlif ölkələrdə məlumat mərkəzi layihələrinə qarşı artan ictimai müqavimətin müşahidə edildiyini qeyd edir.

Tailandda hazırda məlumat mərkəzləri sektoruna yatırımların artması fonunda hökumət həm yeni layihələrin inkişafını davam etdirmək, həm də enerji və digər resurslardan istifadəyə nəzarəti gücləndirmək arasında balans yaratmağa çalışır. Bu səbəbdən yeni tənzimləmə qaydalarının sektorun gələcək inkişafında mühüm rol oynayacağı gözlənilir.

MONETAR.AZ