“Windows 11” istifadəçinin yaş qrupunu müəyyən edə biləcək

“Windows 11” istifadəçinin yaş qrupunu

“Windows 11”dəki tətbiqlər istifadəçidən doğum tarixini birbaşa soruşmadan onun uşaq, yeniyetmə və ya yetkin kateqoriyasına aid olduğunu müəyyən edə biləcək. “Microsoft” proqramlara yaşa və qanunvericiliyin tələblərinə uyğun olaraq məzmunu və ayrı-ayrı funksiyaları məhdudlaşdırmağa imkan verəcək yeni yaş siqnalları hazırlayır.

“Windows Age APIs” beş yaş diapazonunu nəzərdə tutur: 10 yaşdan kiçik, 10–12 yaş, 13–15 yaş, 16–17 yaş və 18+. “Unknown” (“Məlum deyil”) dəyəri isə “Windows”un istifadəçinin yaş diapazonunu müəyyən edə bilmədiyini göstərir. Bu halda tətbiq öz yaş yoxlama sistemindən və ya tərtibatçı tərəfindən müəyyən edilmiş standart rejimdən istifadə etməlidir.

“Windows” tətbiqə istifadəçinin dəqiq yaşını, doğum tarixini və ya ailə əlaqələri barədə məlumatları ötürməyəcək. Proqram yaş diapazonunu “GetUserAgeRangeAsync” vasitəsilə sorğulaya biləcək. “GetAgeVerificationStatusAsync” interfeysi isə yaşın müstəqil identifikasiya xidməti tərəfindən təsdiqlənib-təsdiqlənmədiyini göstərəcək. “Microsoft” bir neçə yoxlama statusu müəyyənləşdirib: təsdiqlənmiş və təsdiqlənməmiş yaş, istifadəçinin yoxlamadan imtina etməsi, xidmətin müvəqqəti əlçatmaz olması və yoxlamanın tətbiq edilmədiyi hallar.

Sorğu tətbiqin hər işə salınması zamanı həyata keçirilməyəcək. “Microsoft”un sənədlərinə əsasən, istifadəçi yaş məhdudiyyəti olan məzmuna və ya funksiyaya daxil olmağa cəhd etdikdə tətbiq yaş siqnalını “Windows”dan sorğulayacaq. Tərtibatçı əldə edilən yaş diapazonuna əsasən hansı materialları, satınalmaları və ya funksiyaları təqdim edəcəyinə özü qərar verəcək. “Microsoft” bu mexanizmin istifadəçi məzmunu və ünsiyyət xidmətləri, oyundaxili satınalmalar və virtual valyutalar, həmçinin yaş reytinqi tətbiq olunan filmlər, videolar və digər materialların yer aldığı platformalarda istifadəsini təklif edir.

“Microsoft” vurğulayır ki, yeni mexanizm tərtibatçıların ayrıca toplamalı olduğu fərdi məlumatların həcmini azaltmalıdır. Yaşın yoxlanılması üçün tətbiqin istifadəçinin doğum tarixini və ya şəxsiyyət sənədlərini saxlamasına ehtiyac qalmayacaq. “Windows” yalnız ümumiləşdirilmiş yaş diapazonunu və yoxlamanın statusunu ötürəcək.

Bununla belə, rəsmi sənədlərdə “Windows”un istifadəçinin yaş diapazonunu hansı üsulla müəyyən edəcəyi açıqlanmır. API təsvirində istifadəçinin fəaliyyəti, kompüterdən istifadə tarixçəsi və ya davranışlarının təhlilindən bəhs edilmir.

Yeni mexanizmdən istifadə üçün “Windows 11” və “Microsoft” hesabı ilə sistemə daxil olmaq tələb olunacaq. Tətbiq, həmçinin “Digital Safety” platformasında qeydiyyatdan keçməlidir. “Windows” yaş siqnallarını ötürməzdən əvvəl proqramın identifikatorunu yoxlayacaq ki, qeydiyyatdan keçməmiş tətbiqlər müvafiq məlumatları sorğulaya bilməsin.

İstifadəçi zərurət yarandıqda yaşını ayrıca təsdiqləyə biləcək. Ölkədən asılı olaraq “Microsoft” selfi vasitəsilə yaşın qiymətləndirilməsini, sənədin yüklənməsini və ya dəstəklənən dövlət rəqəmsal identifikasiya sistemi vasitəsilə avtorizasiyanı təklif edir. Selfi və sənədlərin emalı üçün şirkət “Yoti” və “Verifymy” tərəfdaşlarından istifadə edir. “Microsoft” bildirir ki, yoxlama zamanı təqdim edilən məlumatlar yalnız yaşın müəyyənləşdirilməsi məqsədilə istifadə olunur və prosedur başa çatdıqdan sonra silinir.

Yaşın yoxlanılması artıq Avstraliya, Braziliya, Sinqapur və Böyük Britaniyada “Microsoft” hesabları üçün əlçatandır. Təsdiqlənmiş yetkinlik yaşı olmayan istifadəçi 18+ reytinqli oyun və tətbiqləri yeni satın almaq və yükləmək imkanını itirə bilər. Bununla belə, istifadəçinin daha əvvəl əldə etdiyi məzmun saxlanılır.

Yeni “Windows Age APIs” isə hazırda faktiki olaraq fəaliyyət göstərmir. “Microsoft” sənədləşməni 27 avqust 2026-cı ildə tərtibatçılar üçün əvvəlcədən yayımlayıb və interfeysləri 2026-cı ilin sonlarında “Windows”un gələcək buraxılışlarından birinə daxil etməyi planlaşdırır. Sistem tam istifadəyə verilənədək sorğular naməlum yaş diapazonu və əlçatmaz yoxlama statusunu qaytarır.

MONETAR.AZ