Avropanın kosmik iddiaları: Almaniya raketı orbitə çıxıb

Avropanın kosmik iddiaları:

"Reuters"in məlumatına görə, Almaniyanın "Isar Aerospace" startapı dünən "Spectrum" raketini Norveçin Arktika sahillərində yerləşən Andöya kosmodromundan uğurla orbitə çıxarıb. Bu, Kontinental Avropa ərazisindən həyata keçirilən ilk uğurlu kommersiya orbital buraxılışı kimi tarixə düşüb.

Pilotsuz "Spectrum" raketi göyərtəsində beş kiçik peyk və uçuş sınaqları üçün eksperimental avadanlıq daşıyıb. Raket kiçik və orta həcmli faydalı yüklərin orbitə çatdırılması üçün nəzərdə tutulub.

Uğurlu missiya Avropanın kommersiya kosmik sənayesi üçün mühüm mərhələ hesab olunur. Buraxılış hökumətlərin kosmosa çıxış imkanlarını genişləndirməyə, strateji müstəqilliyi gücləndirməyə və sürətlə böyüyən peyk buraxılışı bazarında mövqelərini möhkəmləndirməyə çalışdığı dövrə təsadüf edir.

Norveçin sənaye və ticarət naziri Sesiliya Myurset bildirib ki, peyklərin Andöya kosmodromundan buraxılması geosiyasi qeyri-müəyyənlik şəraitində həm Norveçin, həm də bütövlükdə Avropanın təhlükəsizliyini gücləndirir.

Bu, "Isar Aerospace"in ikinci orbital buraxılış cəhdi olub. Şirkətin ilk "Spectrum" raketi 2025-ci ilin martında eyni kosmodromdan start götürdükdən qısa müddət sonra dənizə düşərək qəzaya uğramışdı. Hadisə nəticəsində xəsarət alan olmasa da, şirkət həmin missiyanın raketin inkişafı üçün mühüm texniki məlumatlar topladığını bildirmişdi.

Son uçuş həm "Spectrum" raketinin kvalifikasiya missiyası, həm də real faydalı yüklə həyata keçirilən ilk buraxılış olub.

Avropa hazırda "SpaceX" və Fransanın "ArianeGroup" şirkətinin artıq fəal fəaliyyət göstərdiyi qlobal buraxılış bazarında rəqabət qabiliyyətini artırmağa çalışır. "ArianeGroup" "Airbus" və "Safran"ın birgə müəssisəsidir və əsasən Fransız Qvianasından raket buraxılışları həyata keçirir.

Buraxılış infrastrukturlarına yatırımların artması fonunda Norveç regionda İsveçin "Esrange" kosmodromu və Böyük Britaniyanın Şotlandiyada yerləşən "SaxaVord" kosmodromu ilə də rəqabət aparır.

Ötən həftə "Isar Aerospace" Avropa Kosmik Agentliyindən yeni raketlərin hazırlanması, sınaq proqramlarının genişləndirilməsi və start infrastrukturunun inkişafı üçün təxminən 200 milyon avro (232 milyon dollar) maliyyə dəstəyi alıb. Şirkət eyni zamanda Kanadada ikinci start kompleksinin tikintisini davam etdirir.

"Spectrum" raketinin uğurlu orbital missiyası peyklərə artan tələbat və kosmosa müstəqil çıxışın strateji əhəmiyyətinin yüksəldiyi bir dövrdə Avropanın xarici buraxılış meydançalarından asılılığını azaltmaq istiqamətində mühüm nailiyyət kimi qiymətləndirilir.

MONETAR.AZ