“Anker” şirkəti tərəfdaşın xorultusunu aşkarlayaraq onu adaptiv səslə avtomatik maskalaya bilən “Soundcore Sleep Earbuds 4 Pro” yuxu qulaqlıqlarını təqdim edib. Yeni model səs-küyün aktiv boğulması ilə yanaşı, nəbzi və yuxu mərhələlərini izləyir. Qulaqlıqların enerji yığma qutusu isə daxili AMOLED ekranla təchiz olunub.
“Sleep Earbuds 4 Pro” passiv səs izolyasiyasını 30 dB-ə qədər aktiv səs-küyboğma (ANC) sistemi ilə birləşdirir. “Adaptive Snore Masking” funksiyası xüsusi olaraq xorultunun maskalanması üçün hazırlanıb. Qutuda yerləşdirilən mikrofon xorultunu aşkarlayır və siqnalı qulaqlıqlara ötürür. Qulaqlıqlar isə maskalayıcı səsi xorultunun dəyişən xüsusiyyətlərinə uyğunlaşdırır. Şirkət optimal nəticə üçün qutunun qulaqlıqlardan ən çoxu 2 metr məsafədə yerləşdirilməsini və mikrofonun istifadəçiyə tərəf yönəldilməsini tövsiyə edir.
Yan üstə yatarkən qulaqlara düşən təzyiqi azaltmaq üçün qulaqlıqların korpusu daha yastı formada hazırlanıb. “Anker”in məlumatına görə, “Sleep A30” modeli ilə müqayisədə qulaqla təmas sahəsi 20% azaldılıb.
Hər bir qulaqlıqda 100 Hz tezlikdə işləyən qulaqdaxili PPG sensoru yerləşdirilib. Sensor gecə ərzində nəbzi, ürək ritminin dəyişkənliyini (HRV), yuxu mərhələlərini və digər göstəriciləri izləyir. Səhər istifadəçi yuxu hesabatı əldə edir. Şirkət bunun tibbi cihaz olmadığını və funksiyanın yalnız ümumi sağlamlıq və yuxu təcrübəsini dəstəkləmək məqsədi daşıdığını xüsusi qeyd edir.
“BioSync” funksiyası yuxuya keçid zamanı sakitləşdirici audio məzmunu istifadəçinin fizioloji göstəricilərinə uyğunlaşdırır. Sistem nəbz məlumatlarından istifadə etməklə səsin tempini, səs mühitini və binaural ritmləri dəyişə bilir. “Anker” bu funksiyanın eksperimental xarakter daşıdığını bildirir.
Dəstə daxil olan “SleepHub” enerji yığma qutusu sensorlu AMOLED ekran, ayrıca prosessor və daxili yaddaşla təchiz edilib. Onun vasitəsilə smartfona ehtiyac olmadan səs səviyyəsini və rejimləri tənzimləmək, yaddaşda saxlanılan audio faylları seçmək, zəngli saat qurmaq və səhər yuxu statistikasına baxmaq mümkündür. Qutu naqilsiz enerji yığmanı da dəstəkləyir.
Qulaqlıqlar musiqi, podkast və audiokitabları dinləmək üçün adi “Bluetooth” qulaqlığı kimi də istifadə oluna bilər. “Bluetooth 6.0” dəstəyi ilə təchiz edilən model axınlı audio zamanı ANC aktiv olduqda 8 saata, söndürüldükdə isə 11 saata qədər işləyir. Yaddaşda saxlanılan audio məzmunun oxudulması zamanı muxtariyyət müvafiq olaraq 9,5 və 14,5 saata qədər artır.
“Anker Soundcore Sleep Earbuds 4 Pro” noyabr ayında ABŞ bazarında 349 dollar qiymətinə satışa çıxarılacaq. Model “Lunar White” və “Mist Blue” rənglərində təqdim olunacaq. Şirkət digər bazarlar, o cümlədən Avropa üçün qiymət və satış tarixlərini daha sonra açıqlayacaq.
Şirkət eyni zamanda daha münasib qiymətə “Sleep Earbuds 4” modelini də təqdim edib. Bu qulaqlıqlar da ANC və adaptiv xorultu maskalanmasını dəstəkləyir, lakin PPG monitorinqi, “BioSync” funksiyası və AMOLED ekranlı enerji yığma qutusu ilə təchiz edilməyib. “Sleep Earbuds 4” oktyabr ayında 229,99 dollar qiymətinə satışa çıxarılacaq.
MONETAR.AZ