Google tələblərə uyğun olaraq Avropadakı axtarış nəticələrini dəyişir

Google tələblərə uyğun olaraq Avropadakı

"Google" Avropa İttifaqının antiinhisar tələblərinə cavab vermək məqsədilə Avropadakı axtarış nəticələrində dəyişikliklər edib. Şirkətin axtarış və reklam biznesi üzrə baş vitse-prezidenti Nik Foks "Reuters" agentliyinə bildirib ki, bu yeniliklər istifadəçi təcrübəsini zəiflədəcək və avropalı istehlakçılar üçün əlavə xərclər yaradacaq.

ABŞ texnologiya nəhəngi iyul ayında "alış-veriş", "hotellər", "nəqliyyat" və "idman" kateqoriyaları üzrə axtarış nəticələrində öz xidmətlərinə üstünlük verdiyinə görə Avropa İttifaqı tərəfindən 460 milyon avro cərimələnmişdi. Bu addım Aİ-nin iri texnologiya şirkətlərinin bazar üstünlüyünü məhdudlaşdırmağa yönəlmiş Rəqəmsal Bazarlar Aktının (Digital Markets Act) pozuntusu kimi qiymətləndirilmişdi.

Avropa Komissiyası şirkətə qanunvericiliyin tələblərinə uyğunlaşmaq üçün 60 gün vaxt verib. Əks halda, "Google" qlobal illik dövriyyəsinin 5%-dək həcmində dövri maliyyə sanksiyaları ilə üzləşə bilər.

Yenilənmiş axtarış nəticələrində səhifənin yuxarı hissəsində bir ixtisaslaşmış axtarış xidməti ön plana çıxarılacaq. Onun ardınca daha məhdud məlumat təqdim edən digər iki xidmət göstəriləcək. Daha aşağı hissədə isə hotellər, aviaşirkətlər və restoranlarla bağlı karusel yerləşdiriləcək, lakin burada real vaxt qiymətləri kimi əsas funksiyalar artıq təqdim olunmayacaq. Nəticələrin sıralanması "Google"un alqoritmi tərəfindən müəyyən ediləcək.

"Bu dəyişikliklər yerli bizneslərin hesabına onlayn vasitəçilərin mövqeyini gücləndirir və insanların hər gün istifadə etdiyi faydalı funksiyaları aradan qaldırmaqla Avropadakı istifadəçi təcrübəsini pisləşdirir. Avropa İttifaqından kənardakı istifadəçilər isə bu dəyişikliklərdən təsirlənməyəcəklər", – deyə Nik Foks bildirib.

Şirkət həmçinin qeyd edib ki, Avropa Komissiyasının əvvəlki tələblərinə uyğun olaraq həyata keçirilən dəyişikliklər nəticəsində Avropadakı şirkətlərin birbaşa və ödənişsiz bronetmə trafikində təxminən 30% azalma qeydə alınıb. "Google"un qiymətləndirməsinə görə, son dəyişikliklərin də bu tendensiyanı davam etdirəcəyi gözlənilir.

MONETAR.AZ